Eldar Mahmudov hollandiyalı həmkarını qəbul edib
03 Fevral 2010 Çərşənbə 16:55
Eldar Mahmudov və hollandiyalı həmkarının görüşü zamanı ikitərəfli münasibətlər müzakirə mövzusu olub.
Bu gün Azərbaycanın Milli Təhlükəsizlik naziri Eldar Mahmudov ölkəmizdə rəsmi səfərdə olan Hollandiyanın Ümumi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin baş direktoru Cerard Baumanı qəbul edib.
Görüş zamanı Eldar Mahmudov hollandiyalı dövlət rəsmisinin Azərbaycana ilk səfərinin hər iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın inkişafı istiqamətində atılan addım kimi qiymətləndirib.
Həmçinin tərəflər arasında transmilli mütəşəkkil cinayətkarlıq, hazırda ən aktual problem olan terrorçuluqla mübarizə sahəsində görülən işlər, narkotiklərin qanunsuz dövriyyəsi, miqrasiya prosesləri və bundan irəli gələn məsələlər müzakirə edilib.
Nazir Eldar Mahmudov təhlükəsizlik problemləri, mövcud əməliyyat şəraiti və ona təsir edən amillər, xüsusən beynəlxalq terrorçuluqla mübarizə sahəsində Azərbaycanın həyata keçirdiyi tədbirlər, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu, eləcə də onun nəticəsində yaranmış nəzarət olunmayan ərazilərin mövcudluğundan irəli gələn fəsadlar barədə ətraflı məlumat verilib.
Öz növbəsində Cerard Bauman, hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını və müvafiq strukturlar arasında münasibətlərin inkişafından məmnun olduğunu qeyd edib.
İşgüzar və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəfləri maraqlandıran digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: