Eldar Mahmudov Elmar Hüseynovun qətli ilə bağlı məlumat verdi
19 Mart 2010 Cümə 11:35
“Qətlin törədilməsində Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevin iştirakları sübuta yetirilib”
Milli təhlükəsizlik naziri Eldar Mahmudov jurnalist Elmar Hüseynovun qətli ilə əlaqədar cinayət işinin cari vətiyyəti barədə maraqlı məlumatlar verib. Nazir “Azərbaycan” qəzetinə müsahibəsində bildirib ki, iş üzrə keçirilmiş intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qətlin törədilməsində Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevin iştirakları sübuta yetirilib və artıq 2005-ci ilin may ayında onlar təqsirləndirilən şəxslər qismində cinayət işinə cəlb olunub, barələrində İnterpol xəttilə beynəlxalq axtarış elan edilib:

“İnterpolun Azərbaycan Respublikasında Milli Mərkəzi Bürosu dünyanın 188 ölkəsi ilə əlaqə saxlayır. Qeyd etdiyim həmin şəxslər barədə müvafiq məlumatlar bu ölkələrin hamısına göndərilib və axtarış tədbirləri səngimədən həyata keçirilir. Azərbaycan tərəfi Gürcüstanın Baş Prokurorluğuna bu işlə bağlı hüquqi yardımın göstərilməsi, Tahir Xubanovun və Teymuraz Əliyevin tutulub ekstradisiya olunması barədə 6 vəsatət göndərib, istintaq-əməliyyat qrupunun üzvləri həmin vəsatətlərin icrası ilə bağlı dəfələrlə Gürcüstana ezam olunublar. Burada müəyyən problemlər var ki, onlar da hər bir ölkənin milli qanunvericiliyindəki müvafiq müddəalar və prosedur qaydaları ilə bağlıdır. Hər bir halda bizim bütün tərəfdaşlarla, o cümlədən qonşu ölkələrin xüsusi xidmət orqanları ilə normal və işgüzar münasibətlərimiz var. Qarşıya çıxan məsələləri birgə səylərlə həll etməyə çalışırıq. Cinayətdə istifadə olunmuş silahın mənşəyi və sahibinin müəyyənləşdirilməsi məqsədi ilə müstəntiqlər Rusiya və Bolqarıstanda ezamiyyətdə olublar. Bu işin istintaqına nə qədər ciddi önəm verildiyi aşağıdakı statistik göstəricilərdən aydın görünür:

istintaqın ötən dövrü ərzində 600-dən artıq şahid dindirilib, təxminən 160 baxış, axtarış və götürmələr aparılıb, 20 ekspertiza təyin olunub, 51 tanınma keçirilib. Bu işdə digər hüquq- mühafizə orqanlarının köməyini də qeyd etmək istərdim. Elmar Hüseynovun qatillərinin tam dairəsinin müəyyən edilərək istintaqın uğurla başa çatdırılması bizim üçün prinsipial məsələdir”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar