Eldar İbrahimov: “Brayza kimi məlumatlı şəxsin səfir olması bizim xeyrimizədir”
23 İyul 2010 Cümə 13:10
“ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ probleminin həlli ilə bağlı fəaliyyəti məni qane etmir.
Ona görə ki, bu fəaliyyətin nəticəsi yoxdur”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov deyib. O, ATƏT Parlament Assambleyasının sədri seçilən yunanıstanlı Petros Eftimiou ilə qurumun iqtisadiyyat komitəsində birlikdə fəaliyyət göstərdiklərini söyləyib: “Onunla dost münasibətlərim var. Azərbaycana münasibəti yaxşı olan insandır və sentyabr ayında Azərbaycana səfər edəcəyini bildirib. Əvvəlki sədrlərdən fərqli olaraq yeni sədrin bizə münasibətinin daha yaxşı olacağını düşünürəm”.
E. İbrahimov bildirib ki, bir müddət əvvəl ATƏT rəhbərliyinə daxil olan şəxslər Milli Məclis sədrinin müavini Bahar Muradovanın ATƏT PA-nın vitse-spikerliyinə, onun isə assambleya sədrliyinə namizəd olmasını təklif ediblər: “Amma Azərbaycanın Ermənistanla problemi var, o zaman gərək Ermənistandan da rəhbərliyə kimlərisə seçsinlər. Bəzən Parlament Assambleyasının sədri seçilən şəxlər əvvəlcədən bizə münasibətləri yaxşı olsa da, son anda Azərbaycanın mövqeyini müdafiə etmirlər. Bu gün erməni lobbisi o qədər güclüdür ki, bəzən açıq-aşkar iş görmük mümkün olmur. Amma Parlament Assambleyasının yeni sədrinin münasibətindən hiss edirəm ki, bizə böyük yaxşılıq edə bilməsə də, pislik də etməyəcək”.
E. İbrahimov ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Metyu Brayzanın fəaliyyətinin müsbət nəticə verəcəyinə ümid etdiyini də vurğulayıb: “Brayza konqresdə çıxışında problemin sülh yolu ilə həll olunması üçün fəaliyyətini gücləndirəcəyini deyib. O, həmsədr kimi tam olaraq Azərbaycanı müdafiə etmirdi. Bu, birtərəfli mövqe olardı. Amma bu işlərin içərisindədir, problemlə bağlı tam məlumatlıdır və belə bir məlumatlı şəxsin səfir olması bizim xeyrimizədir”. APA
DOSTLARINLA PAYLAŞ: