Elçin Quliyev: Samur körpüsünün tam bağlanması müzakirə obyekti deyil
03 Dekabr 2011 Şənbə 12:00
Elçin Quliyev: Hazırda tərəflər arasında danışıqlar gedir.
"Samur körpüsünün tam bağlanması məsələsi bu gün müzakirə obyekti deyil". ANS PRESs-in bölgə müxbirinin məlumatına görə, Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Rusiya ilə danışıqlar mövzusu olan Samur körpüsünün əsaslı bərpası ilə bağlı məsələyə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, hazırda tərəflər arasında danışıqlar gedir.
"Əgər mümkün olacaqsa, körpü yarıbayarı istiqamətində təmir olunacaq ki, onun dözümlülüyü artırılsın. Digər tərəfdən Qusar rayonunun Şirvanovka kəndində artıq beynəlxalq səviyyədə buraxılış məntəqəsi fəaliyyətə hazırdır. Hərəkət məhdudiyyəti yaranmasın deyə, nəqliyyatın bir qismi həmin istiqamətə də yönəldilə bilər. Yəni insanların hərəkəti üçün heç bir maneə olmayacaq", deyə E. Quliyev qeyd edib.
Rusiya ilə Azərbaycan sərhədini birləşdirən Samur körpüsünün əsaslı təmiri ilə bağlı hər iki ölkə arasında müzakirələr davam etdirilir. Uzunluğu 205 metr olan və 50 ildən artıqdır istifadəyə verilən körpü hazırda nəqliyyat vasitələrinin hərəkəti üçün yararsız vəziyyətə düşüb. Samur körpüsünün bərpası zamanı ortaya çıxan problemli məqamlardan biri isə eyniadlı sərhəd keçid məntəqəsinin bağlanması məsələsi idi.
DOSTLARINLA PAYLAŞ: