Eks-prezident statusu haqqında sənəd hazırlanır
11 Avqust 2011 Cümə Axşamı 22:17
Müvafiq qanun layihəsinin parlamentin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.
Azərbaycanda eks-prezidentlər var. Amma onlar haqda qanun hələ ki, yoxdur. Doğrudur, hələ 1992-ci ildə Ayaz Mütəllibov haqda, daha sonra isə 1996-cı ildə “Eks-prezidentin statusu haqqında” qanunun qəbul edilməsinə cəhdlər olsa da, bunlar ancaq cəhd olaraq qaldı. Amma Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev hazırda “Eks-prezident statusu haqda” qanun layihəsinin üzərində iş getdiyini və sənədin parlamentin payız sessiyasında müzakirəyə çıxarılacağını bildirib.

Bəs yeni qanun layihəsinə əsasən bu status prezidentlik vəzifəsini başa vurmuş şəxslərə hansı imtiyazları vəd edir? Bu qanunda hər şeydən əvvəl ali dövlət vəzifəsini tutmuş şəxsin təhlükəsizliyi və maddi təminatı ilə bağlı məsələr öz əksini tapa bilər. Müəyyənləşdirilməlidir ki, ali dövlət vəzifəsini tutmuş şəxs prezident toxunulmazlığına malikdir. Həm prezidentlik dövründə həyata keçirdiyi funksiyalara görə, həm də ondan sonrakı dövrdə adi qaydada məsuliyyətə cəlb oluna bilməz. Həmçinin yüksək pensiya təminatı müəyyənləşdirilməlidir. Onun təhlükəsizliyi isə xüsusi mühafizə orqanları tərfindən qorunmalıdır.

Eks-prezident statusu dövlət başçısı vəzifəsini yerinə yetirmiş hər bir şəxsə aid olmalıdır. Lakin dünya təcrübəsində xüsusi istisnalar mövcuddur.

Millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, dünya təcrübəsinə görə əgər prezident vəzifəsini tutmuş şəxs məhz impiçment qaydasında öz funksiyasını yerinə yetirməkdən boyun qaçırıb, qanunu pozduğuna görə, məsuliyyətə cəlb olunub, bu şəxslərə həmin status şamil olunmur.

Əgər həmin müddəalar yeni qanunda nəzər alınarsa, Siyavuş Novruzova görə, keçmiş prezidentlər Ayaz Mütəllibov və Əbülfəz Elçibəy bu statusdan kənarda qalacaq. Eks prezident statusu yalnız Heydər Əliyevə şamil olunacaq. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar