Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq edir
16 Avqust 2010 Bazar Ertəsi 23:20
Yanğın təhlükəsizliyi qaydalarını ciddi riayət olunmalıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində son zamanlar mütəmadi olaraq baş verən yanğınlarla əlaqədar növbəti dəfə xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, yanğın təlükəsizliyi qaydalarına əməl olunması üçün dəfələrlə edilmiş tövsiylərə və izahat işlərinə baxmayaraq bəzi vətəndaşlar və torpaq mülkiyyətçiləri bu vacib məsələyə biganə qalmaqla, yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə davam edirlər.
Belə şəxslərin məsuliyyətsizliyinin nəticəsidir ki, 14 avqust 2010-cu il tarixdə saat 14:00 radələrində Astara rayonunun Hamuşam kəndi bələdiyyəsinin ərazisində torpaq mülkiyyətçisinin öz pay torpağında yanğın təhlükəsizliyi qaydalarına əməl etməməsi nəticəsində yanğın hadisəsi baş verib. Yanğın sürətlə genişlənərək 1,5 hektar bələdiyyəyə məxsus ərazini əhatə edib. Yanğın hadisəsi ETSN-nin yerli qurumlarının əməkdaşlarının və yerli sakinlərin köməkliyi ilə operativ qaydada söndürülüb və yanğının meşə fonduna keçməsinin qarşısı alınıb.
Həmçinin, Xızı rayonunun Sitalçay kəndinin ərazisindəki qış otlaq sahəsində də daha bir yanğın hadisəsi baş verib. Baş vermiş yanğın sürətlə genişlənərək 100 hektarlarla ərazini əhatə etməklə həmin rayonun Dizəvər kəndi ətrafındakı yay otlaq sahələrinədək yayılıb. Yanğın 16 avqust 2010-cu il tarixdə səhər saatlarında ETSN-nin yerli qurumlarının əməkdaşlarının, FHN-nin əsgərlərinin, Sumqayıt şəhər, Xızı, Quba, Şabran rayonlarının Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının, yerli sakinlərin köməkliyi ilə söndürülüb və yanğının meşə fonduna keçməsinin qarşısı alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarını riayət etməyə çağırır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: