Əhmədinejad: "Xəzər dənizinin ehtiyatlarından hamı istifadə etməlidir"
17 Noyabr 2010 Çərşənbə 19:05
İran prezindentinin sözlərinə görə, bu istifadə ədalətli olmalıdır.
Xəzər dənizi sülh, dostluq və əmin-amanlıq dənizi olmalıdır. Belə bir bəyanatla bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra keçirilən birgə brifinqdə İran prezidenti Mahmud Əhmədinejad çıxış edib. Xəzər dənizi ilə bağlı iki ölkənin ortaq fikrə malik olduğunu deyən M.Əhmədinejad qeyd edib ki, Xəzər dənizinin ehtiyatlarından hamı istifadə etməlidir və bu istifadə ədalətli olmalıdır: “Azərbaycanın bu sahədə tutduğu mövqe düzgündür. Biz bu məsələləri sabahkı görüşümüzdə də müzakirə edəcəyik və yekunda mühüm sənəd imzalanacaq. Biz bir-birimizə həmişə dəstək olmalıyıq”.
M.Əhmədinejad ikitərəfli münasibətlərin inkişafından da danışıb. Qurban bayramı günündə Azərbaycanda olmağından məmnunluğunu ifadə edən İran prezidenti qeyd edib ki, Azərbaycan və İran iki dost və qardaş xalqdır. “Bu dostluq və qardaşlıq müştərək mədəniyyətdən irəli gəlir. Azərbaycanla İranın dostluğunun qədim, dərin tarixi kökləri var. Qardaşım İlham Əliyevin dediyi kimi İranla Azərbaycanın münasibətləri çox yaxşi səviyyədədir. Azərbaycan və İran regionun sabitliyi üçün əsas oxdur. Iki ölkənin münasibətləri ilə bağlı bugünkü görüşümüzdə müştərək işlər apardıq. Qardaşım İlham Əliyevin qeyd etdiyi kimi, bizim dövlətlərin potensialı çox genişdir. Lakin bugünkü işin səviyyəsi potensiala cavab vermir”, - deyə o vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: