Əhməd Davudoğlu: “Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək”
15 İyul 2010 Cümə Axşamı 02:35
Əhməd Davudoğlu: “Ermənistanla aparılan normallaşma prosesində Azərbaycanın mənafeləri heç bir zaman arxa planda olmayıb”.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu millət vəkili Süleyman Yağızın deputat sorğusuna yazılı cavabında Dağlıq Qarabağ və Türkiyə-Ermənistan əlaqələri ilə bağlı son vəziyyəti şərh edib. “Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək” - deyən Türkiyə xarici siyasət idarəsinin başçısı vurğulayıb ki, Türkiyənin Azərbaycanla münasibətləri beynəlxalq əlaqələrdə müstəsna bir yerə sahibdir və hökumət bu məsələdə verdiyi sözü hər zaman tutacaq: “Ermənistanla aparılan normallaşma prosesində də Azərbaycanın mənafeləri heç bir zaman arxa planda olmayıb”.

Əhməd Davudoğlu daha sonra qeyd edib ki, Cənubi Qafqaz bölgəsində münaqişə atmosferi bütün ölkələrə ziyan vurur və Türkiyənin Ermənistanla protokol imzalamasının əsas məqsədi sabitliyə nail olmaq idi: “Lakin, bu protokollar əvvəlcə parlamentlərdə ratifikasiya olunmalıdır. Biz dəfələrlə bəyan etmişik ki, bölgədə sülhə və sabitliyə nail olmaq üçün Türkiyə-Ermənistan əlaqələrinin normallaşması kifayət deyil. Ermənistan-Azərbaycan münaqişəsinin həllində də konkret nəticələr əldə olunmalıdır. Bu iki proses paralel olaraq davam etməlidir”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar