Əhaliyə "Anchor" yağına bənzər "Andhor" adlı yağlar satılır
01 Noyabr 2011 Çərşənbə Axşamı 16:41
“Delta Group” əhalini “Anchor” yağı alarkən diqqətli olmağa çağırır
Azərbaycanda əhaliyə məşhur “Anchor” yağına bənzəyən “Andhor” adlı yağlar satılır. Bu məhsulun Azərbaycandakı distribütoru “Delta Group” şirkətindən ANS PRESS-ə verilən məlumata görə, adındakı hərf dəyişməsini çıxmaq şərti ilə, istər dizayn, istər rəng, istərsə də qablaşdırma baxımından “Andhor” yağları 5 kiloqramlıq “Anchor” yağlarından fərqlənmir. “Andhor” yağının harada və kimlər tərəfindən istehsal olunduğu və niyə məhz bu şəkildə satışa çıxarıldığı məlum deyil.
“Anchor” yağının Azərbaycandakı yeganə və rəsmi distribyutoru olan “Delta Group” əhalini diqqətli olmağa çağırır. Şirkətin rəhbərliyi bildirir ki, 5 kiloqramlıq “Anchor” yağı Azərbaycan bazarında liderdir və görünür bəzi şəxslər bundan istifadə edərək əhaliyə zahirən “Anchor”a bənzəyən “Andhor” yağını satırlar. Şirkət “Andhor” yağını istehsal edən şəxslərdən sağlam rəqabət prinsipini gözləməyi və öz məhsullarını satışa öz dizaynları və qablaşdırmaları ilə buraxmalarını qəti surətdə tələb edir.
“Delta Group”un rəhbərliyi bu məsələ ilə bağlı müvafiq qurumlara, o cümlədən məhkəməyə, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edəcəyini bildirir. Şirkət rəhbərliyi bildirir ki, “Andhor” yağını istehsal edənlər şirkətin müəllif hüquqlarını tapdalayır, həm də əhalini çaşdırırlar. “Delta Group” öz dəyərli alıcılarını yağ alarkən diqqətli olmağa çağırır və bildirir ki, bu məsələnin cinayət tərkibi hüquq mühafizə orqanları tərəfindən araşdırılacaq və məsuliyyətli şəxslər cəzalandırılacaqlar.
Şirkət rəhbərliyi Azərbaycanda Yeni Zellandiya yağı adı altında satılan açıq yağlarla bağlı qeyd edib ki, bu gün Azərbaycan bazarında Yeni Zellandiya adı altında satılan açıq yağların mənşəyi məlum deyil. “Delta Group” hesab edir ki, “Anchor” yağının üstünlüyü onun paketlənmiş yəni ki gigiyenik olmasındadır. Anchor brendinin sahibi Yeni Zellandiyanın “Fonterra” şirkətidir. “Fonterra”nın Azərbaycandakı yeganə tərəfdaşı isə “Delta Group”dur. Şirkət “Anchor” yağının Azərbaycan bazarında lider olduğunu və qeyri-sağlam rəqabət aparmaq istəyən şirkətlərlə sonuna kimi mübarizə aparacağını bəyan edir.
DOSTLARINLA PAYLAŞ: