"Efford" düşesləri mağazalardan geri yığılır.
12 İyun 2012 Çərşənbə Axşamı 19:53
İstehsalçı sahibkara bununla bağlı məcburi göstəriş verilib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 32a ünvanında Əlif İbrahimova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı isə “Efford” düşes və tərxun sərinləşdirici içkilərinin saxlama müddətinin normativ texniki sənədlərlə təyin edilmiş müddətdən artıq göstərildiyi, habelə sərinləşdirici içkilərin etiketində onların tərkibinə daxil olan konservantlar barədə məlumatın göstərilmədiyi aşkar edilib.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bundan başqa, yoxlama zamanı “Efford” əmtəə nişanlı şaftalı nektarlarının etiketlərində məhsulun xaricdə istehsalı barədə istehlakçıda yanlış təəssürat yaradan “Efford” peach nectar, “100% minimum of fruit content” sözlərinin qeyd olunduğu müəyyən edilib.
Qanun pozuntuları ilə əlaqədar, sərinləşdirici içkilərin istehsalı və satışının dayandırılması, müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən sahibkar Əlif İbrahimova icrası məcburi göstəriş verilib. Araşdırmalar davam edir.
DOSTLARINLA PAYLAŞ: