“Prezidentlərin Moskva görüşündə hansısa ərazilərin Azərbaycana qaytarılması qrafiki müzakirə olunmayıb”.
APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Avropa Birliyi “üçlüyü” ilə görüşündən sonra jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib. O bildirib ki, Ermənistan Madrid sənədini qəbul etməyib: “Rəsmi səviyyədə heç vaxt belə bir bəyanat səslənməyib. Biz hər zaman demişik ki, Madrid sənədi danışıqlar üçün əsas təşkil edir”.
AB-yə sədrlik edən İsveçin xarici işlər naziri Karl Bildt isə bəyan edib ki, AB münaqişə tərəflərinin imzalayacağı sənədin həyata keçirilməsinə dəstək verməyə hazırdır: “Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair razılaşma yaxın vaxtlarda imzalanacaq. Biz bunun üçün ATƏT-in Minsk Qrupuna dəstək veririk”. K. Bildt Azərbaycan və Ermənistan prezidentləri arasındakı danışıqların davamını səbirsizliklə gözlədiklərini vurğulayıb: “Proses irəliləyir. Hesab edirəm ki, bunu təşviq etmək lazımdır”.
APA