Edvard Nalbandyan Elmar Məmmədyarovu təkzib etdi
16 İyul 2010 Cümə 00:55
“Erməni tərəfi Azərbaycanla Laçın və Kəlbəcərin qaytarılması məsəsini heç vaxt müzakirə etməyib”.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan tərəflər arasında Laçın və Kəlbəcərin qaytarılması məsələsinin müzakirə edildiyini təkzib edib. Qeyd edək ki, bu barədə məlumatı ötən gün keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov vermişdi. Onun sözlərinə görə, Ermənistan tərəfi vaxtilə Kəlbəcər və Laçının qaytarılması üçün 10 il, Azərbaycan tərəfi 1 il vaxt tələb edirdi. “Biz 5 il ərzində bu rayonların Azərbaycanın tərkibinə qayıtmasına razılıq vermişik. Amma Ermənistan bu məsələləri yenidən müzakirəyə çıxarıb”, - deyə E. Məmmədyarov vurğulayıb. Nazir deyib ki, Rusiya tərəfi bəzi təkliflər irəli sürüb və bu təkliflər Sankt-Peterburq görüşündə müzakirə olunub: “Bunlar təklifdir və bu müddətdə çox təkliflər olub. Rusiya tərəfi istəyir ki, nizamlanma prosesində bəzi irəliləyişlər olsun və ona görə bu təklifləri verir. Amma Azərbaycan üçün də çətindir. Biz elə fikirləşirdik ki, artıq razılığa gəlmişik, məsələ həll olunub. Dediyimiz 5 il müddəti Madrid prinsiplərində də əks olunmuşdu. Amma məsələ Ermənistanın mövqeyinə görə uzanır və Rusiya indi tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışır. Bu istiqamətdə işləmək çətindir. Əgər hansısa məsələlərdə razılığa gəliriksə, sonrakı prosesdə həmin məsələlər yenidən müzakirə olunursa, proses kifayət qədər çətinləşir”.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə ölkəsinin ictimai teldeviziyası ilə çıxışında buna belə reaksiya verib: “Bu, tamamilə yalandır. Erməni tərəfi Azərbaycanla heç vaxt Laçın və Kəlbəcər rayonlarının qaytarılması məsələsini müzakirə etməyib. Bu məsələ prezidentlərin Sankt-Peterburq görüşündə də müzakirə olunmayıb”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: