Əbdürrəhman Vəzirov: Heç kim və heç nə unudulmayacaq!
18 Yanvar 2011 Çərşənbə Axşamı 14:35
Əbdürrəhman Vəzirov: "Baş verənlərə heç bir aidiyyatım yoxdur".
Mərhum telereportyor Çingiz Mustafayevin 1992-ci ildə 20 Yanvar hadisələri ilə bağlı hazırladığı verilişdə bir sıra şəxslərin çıxışlarını olduğu kimi nəzərinizə çatdırırıq. O vaxt danışan adamlar indi də danışır. Amma necə? Necəsinə yazını oxuduqdan sonra özünüz cavab axtarın.

Əbdürrəhman Vəzirov: (Həmin dövrdə Azərbaycan KP MK-nın I katibi) Şəhidlər Xiyabanını ziyarət edib məzarların üstünə gül dəstələri qoyarkən orada uyuyan adamların soyadlarına nəzər saldım. Onların arasında bircə nəfərin də adı mənə tanış gəlmədi. Şəhidlərin hamısı müxtəlif qüvvələrin günahsız qurbanları idi.

Qeyd eləyim ki, 20 Yanvar faciəsinin törədilməsi böyük hazırlığın məhsulu idi. Ad çəkmək istəmirəm, Respublikada baş verənlərdə hamımız günahkarıq, birimiz az, o birimiz çox. 20 Yanvar hadisəsinin baş verməsinə tarix boyu hazırlıq görüldüyünü dedikdə yadımıza analoqu olmayan vandallıqları - Naxçıvan MSSR-in sərhədlərində baş verənlər, məsuliyyətsiz tətillərə çağırışlar, dəmir yollarının bağlanması, onsuz da çətin vəziyyətdə yaşayan xalqın vəziyyətinin daha da çətinləşməsi düşür. Düzdür, hansısa həddədək nəzarət vardı, ancaq bunların hamısı anarxiyaya apardı və nəticəsi də faciəyə qətirib çıxardı. İndi Milli
Müdafiə Şurası yaranıb və bu da konkret, vacib hadisələrin idarə olunmasına nəzarət edə bilir. Milli Müdafiə Şurasının yaradılması üçün zərurət vardı, lakin o vaxt bu, təxribat xarakteri daşıyırdı.

Bildiyimə görə, Xalq Cəbhəsinin üzvləri hadisələrin qarşısını almaq üçün çox çalışıblar. Əlbəttə, bu düşünülməmiş addım və təxribat idi. Baş verənlər onu göstərirdi ki, doğrudan da qanuni hökumətin silahlı yolla ələ keçirilməsinə cəhd edilib. Lənkəranda, Cəlilabadda və digər bölgələrdə də bu istiqamətdə iş aparılırdı. Baş verənlərə heç bir aidiyyatım yoxdur. Bu, kimlərinsə hazırladığı təxribat idi. Hansı ki qanlı hadisələrin baş verməsinə mühit yaratmışdı".

İsa Qəmbər: (AXC İdarə Heyətinin üzvü) "Bizə yarım gün əvvəl Ordunun gətirilməsi haqqında xəbərdarlıq edilməsi yalandır. Bunu rəsmi bildirirəm. Həmin gün axşam saat 18:00-da AXC-nin qərargahına gəldim. İçəri girən kimi gördüm ki, televiziyadan iki nəfər gəlib. Onlar çox həyəcanlı şəkildə dedilər ki, partlayış olub və içəri əliavtomatlı adamlarla doludur. Camaat isə telestudiyanın qarşısına yığışıb və qorxuruq ki, orada toqquşma olsun. İdarə heyəti qərara aldı ki, ora adam göndərib təhlükənin qarşısı alınsın. Mən İdarə Heyətinin digər üzvü Kərbəlayı Əlikramla ora getdim. Doğrudan da televiziyanın qarşısında xeyli adam toplaşmışdı. Biz onların qarşısında çıxış elədik. Sonra yenidən AXC-yə qayıtdıq və yolda eşitdik ki, gecə saat 23:00-da hərbçilər şəhərə daxil olacaqlar. İdarə Heyətinə qayıtdıq və xəbəri çatdırdım. Ondan bir gün əvvəl AXC-nin rayon şöbələrinə telefonoqramlar göndərmişdik ki, ordu ilə toqquşmaya getmək və müqavimət göstərmək olmaz. Dağılışmaq məsləhətdir".

Cəbrayıl Usubov: (KP MK komendaturasının əməkdaşı, taqım komandiri) "Həmin gün səhərdən adamlar KP MK-nın qarşısına yığılmaqdaydı. Günortaya qədər 25-30 minə yaxın adam var idi. Adamlar istefa şüarları səsləndirirdilər. İki dar ağacı qurulmuşdu. Sonra bir nəfər ağsaşqqal adamlara yaxınlaşıb dedi ki, bunları yığışdırın, xalqımızı biabır etməyin, bura Rumıniya deyil. Artıq hadisələr gərginləşirdi. Axşam saat 18:00-dan sonra xəbər yayıldı ki, artıq Bakının müxtəlif istiqamətlərindən şəhərə qoşun yeriyəcək. Saat 19:00-da AXC liderlərindən Etibar Məmmədov MK binasından çıxıb xalqa müraciət elədi ki, dağılışmaq lazımdır, şəhərə qoşun gətiriləcək. Viktor Polyaniçko binada idi. Müxalifətin müxtəlif qrupları ora gəlib-gedirdi. Etibar Məmmədov, Rəhim Qazıyev və Nemət Pənahovu binaya girib-çıxanda görmüşəm. Etibar Məmmədovdan sonra Nemət Pənahov çıxış elədi və dedi ki, getmək lazım deyil, son qələbəyədək burada qalmalıyıq. Bizə əlavə qüvvələr və kömək gələcək".

I.Q.: "Axşam sat 23:00-da güllə səsləri eşidilməyə başladı. Onda biz qərargahda idik. Saat 00:00-da Yusif Səmədoğlunun maşınında gedirdik. Yolda bir neçə dəfə adamlardan xahiş etdik ki, dağılışsınlar. Yusif Səmədoğlunu evinə qoyub qayıtdığımız anda ətrafda atışma gedirdi. Ona görə də Yusif bəyin evindən çıxa bilmədim. Xalqın piket keçirməsi ilə bağlı AXC-nin heç bir yazılı qərarı yox idi. Bu, camaatıın öz təşəbbüsü idi".

Ə.V.: "Yanvarın 18-də mənə Moskvadan dedilər ki, Azərbaycan KP MK-nın birinci katibi vəzifəsindən azad edilmişəm və SSRi Xarici Işlər Nazirliyinin tabeliyinə göndərilmişəm. Ondan sonra isə heç bir işə qarışmamışam. Yanvarın 19-da Bakıda olub-olmadığım yadımda deyil. 19-da ya ola bilsin 18-də Bakını artıq tərk etmişdim".

C.U.: "Təxminən 12-nin yarısında gördük ki bir "Jiquli" avtomobili Niyazi küçəsində komendaturaya yaxınlaşdı və dedi ki, artıq Salyan Kazarması tərəfdən camaata güllə atırlar, ordu şəhərə yeriyir. Güllə onun əlini yaralamışdı. Nə AXC liderlərindən, nə də partiya rəhbərlərindən heç kim yox idi. Yalnız əliyalın xalq və MK binasını mühafizə edən milis əməkdaşları var idi. Təxminən saat 3-ə qalmış rəisimiz Vaqif Axundov orada qurulmuş mikrofona yaxınlaşıb dedi ki, camaat, biz milis işçisi kimi bu xalqın övladlarıyıq və sizinləyik. Lakin elə etməliyik ki, burada qırğına, təxribata və ölümə yol verilməsin. Bütün bunlardan sonra biz 8 zabit zəncir kimi birləşib qoşunun qabağına getdik. Qoşunla təxminən Filarmoniyanın yuxarı qapısı ağzında üzbəüz dayandıq. 8 zabit və bizdən hündür əli avtomatlı əsgərlər. Onların başçıları isə səhra hərbi geyimində olan podplolkovnik idi. Dedik ki, siz yalnız bizi öldürəndən sonra buradan keçə bilərsiniz. Orada əliyalın xalqımız dayanıb. Təxminən beş-on dəqiqəlik danışıq getdi və qərara gəldik ki, Filarmoniyanın qarşısında həm onlar həm də biz dayanırıq. Əgər yerli əhali tərəfindən orduya və qoşuna qarşı hər hansı bir təxribat olsa, o zaman qarşısını alacağıq. Onlar da bizimlə bərabər təxminən bir saat dayandılar. Səhər təxminən saat altının yarısında qoşun yavaş-yavaş öz qərargahlarına doğru hərəkət elədi. Binanın içərisində yüksək vəzifəlilərdən demək olar ki, heç kim yox idi. Yalnız Viktor Polyaniçko qalmışdı.

Ə.V.: Ordunun şəhərə daxil olması üçün kimin qərar verdiyini bilmirəm. Sənədlərlə tanış olarkən aydın oldu ki, Qorbaçov Azərbaycanda fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında fərman verib. Elmira Qafarovanın müraciəti və plenumun materialları ilə tanış olarkən öyrəndim ki, əhalinin bu fərmanın mövcudluğundan xəbəri olmayıb. Qərar qəbul edilərkən biz Gəncədə və Bakıda fövqəladə vəziyyət elan edilməsinin qətiyyətlə əleyhinə idik. Çünki bu, qan tökülməsinə gətirib çıxara bilərdi və çıxardı da… Əgər bu işdə günahkar axtarılsa, onda bu böyük faciə olacaq. Bu işdə hamı iştirak edib. Hamı günahkardır. Əgər kimsə günahkar axtarırsa, çox nahaq yerə... Düzdür, deyirlər, günahkar dövlət strukturlarının və birbaşa mərkəz rəhbərlərinindir, amma mən deyirəm ki, elə hamı günahkardır, hamı... ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar