E.Məmmədyarov Koreyanın baş naziri ilə görüşüb
15 Dekabr 2010 Çərşənbə 15:05
Görüş zamanı iqtisadi və siyasi məsələlər müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Koreya Respublikasına davam edən rəsmi səfəri çərçivəsində bu gün Koreyanın baş naziri Kim Hvanq-şik ilə görüşüb. Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı tərəflər ölkələr arasında iqtisadi, siyasi, mədəni və digər sahələri əhatə edən münasibətlərin cari vəziyyətini müzakirə edib, əlaqələrin daha da genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.
Nazir E.Məmmədyarov koreyalı iş adamlarının Azərbaycanda biznes fəaliyyəti məsələsinə toxunaraq, koreya tərəfinin iqtisadiyyatın bir sıra sahələrində əldə etdiyi qabaqcıl təcrübənin öyrənilməsinin zəruriliyini bildirib və bu xüsusda Koreyanın Azərbaycanı 2011-2013-cü illərdə prioritet tərəfdaş kimi müəyyən etdiyinə görə təşəkkürünü ifadə edib. E.Məmmədyarov həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi və Azərbaycanın mövqeyi barədə baş nazirə ətraflı məlumat verib.
Eyni tarixdə nazir E.Məmmədyarov Azərbaycan – Koreya Parlamentlərarası dostluq qrupunun sədri So Byong-su və Koreya Parlamentinin xarici əlaqələr, ticarət və unifikasiya komitəsinin sədri Nam Kyung Pil ilə görüş keçirib.
Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında geniş təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyini vurğulayan tərəflər, parlament diplomatiyasının mühümlüyünü və müasir dünyada artan rolunu xüsusi qeyd ediblər.
Səfər çərçivəsində nazir E.Məmmədyarov Koreyanın “Yonhap” informasiya agentliyi, “Korean herald” qəzeti və “Arirang” televiziya kanalına müsahibələr verib. Müsahibələrdə Azərbaycan-Koreya münasibətləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional proseslər, Ermənistan-Dağlıq, Qarabağ münaqişəsi və digər məsələlərə toxunulub.
DOSTLARINLA PAYLAŞ: