Düşmənə qarşı ən müasir silah və texnikalardan istifadə olunur
02 Avqust 2014 Şənbə 18:02
Hərbçilərimiz ən müasir silah və sursatdan istifadə etməyə qadirdi. Düşmənin hansı gücdə olmasından asılı olmayaraq, ordumuz Ermənistanın istənilən hücumunu dəf edə bilər.
"Azərbaycan Silahlı Qüvvələri həmişə Ali Baş Komandanın hücum əmrinə hazırdır."

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, hərbçilərimiz düşmənin istənilən istiqamətdə hərəkətlərinin qarşısını almaq üçün sərəncamında olan istənilən silah və sursatdan istifadə etməyə hazırdır.

“Hərbçilərimiz ən müasir silah və sursatdan istifadə etməyə qadirik. Düşmənin hansı gücdə olmasından asılı olmayaraq, ordumuz Ermənistanın istənilən hücumunu dəf edə bilər. Azərbaycan Silahlı Qüvvələrinin arsenalında ən müasir silah və texnikalar var. Yeri gəldikcə, onlardan düşmənə qarşı istifadə olunur və olunacaq”, - deyə Vaqif Dərgahlı bildirib.

Azərbaycan Ordusu tərəfindən cəbhə xətti boyu ağır texnika və ən müasir silahların cəmlənməsi məsələsinə gəlincə, V.Dərgahlı bildirib ki, Azərbaycan öz hərbi texnikalarını ərazisi çərçivəsində hərəkət etdirməyə səlahiyyətlidir: “Keçirilən yerdəyişmələr planlı surətdə və istənilən istiqamətdə aparıla bilər. Biz bununla bağlı heç kimə hesabat verməli deyilik və verməyəcəyik”. O, həmçinin qeyd edib ki, Ermənistan silahlı birləşmələri də öz növbəsində, Azərbaycan Ordusunun mövqelərini avtomat silahlardan, snayper tüfənglərindən və müxtəlif iriçaplı silahlardan atəşə tuturlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar