Dünyada ərzaq böhranı yarana bilər
09 Noyabr 2010 Çərşənbə Axşamı 23:40
BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı xəbərdarlıq edir. Dünyada ərzaq böhranı yarana bilər.
Dünyada baş verən iqlim dəyişikliyinin acı nəticələri artmağa başlayıb. Beynəlxalq təşkilatlar son vaxtlar ərzaq qıtlığından tez-tez danışır. Narahat olmağa isə ciddi əsaslar var. BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı dünyada ərzaq böhranının yarana biləcəyi barədə xəbərdarlıq edib. Təşkilatın məlumatına görə, iqlim şəraiti ilə əlaqədar məhsul qıtlığı yarandığından bəzi ərzaq məhsulları bahalaşıb. Təkcə oktyabrda dünyada ərzağın qiyməti 5 faiz artıb. Bahalaşma əsas ərzaq məhsullarının qiymətində müşahidə olunur. Məsələn, taxılın qiyməti son 2 ildə ən yüksək həddə çatıb. İndi birjalarda 1 kiloqram ərzaq buğdasının qiyməti 29 sentdir. Braziliyada quraqlıqla əlaqədar 1 kiloqram şəkərin qiyməti son 30 ildə ilk dəfə 70 sentə təklif olunur.

Şəkərin bahalaşması ilə əlaqədar artıq qənnadı məhsulları istehsalçıları malların qiymətinin artacağını bildirir. Dünyada taxıl böhranının yaranması heyvan yeminin bahalaşmasına səbəb olduğundan ət və süd məhsullarının da qiymətləri qalxıb.

Maraqlıdır ki, dünyada ərzaqın bahalaşması Azərbaycana yeyinti məhsullarının idxalının artması ilə bir vaxtda təsadüf edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 9 ayında Azərbaycana ət məhsulları, buğda, şəkər və yağların idxalı artıb. İdxalın artması ilə yanaşı ölkəyə gətirilən ərzaq məhsullarının qiymətində də artım müşahidə olunur. Belə ki, son 1 ildə Azərbaycana idxal olunan ət məhsulları 40 faiz bahalaşıb. Ötən il ölkə sərhədində 22 qəpiyə başa gələn ərzaq buğdasının qiyməti 28 qəpiyə qalxıb. Ölkəyə gətirilən şəkərin qiyməti isə 1 il əvvəllə müqayisədə 54 faiz artıb.

Bahalaşma ərzaq məhsularının daxili qiymətlərinə də təsir edib. Statistika Komitəsinin məlumatına görə, ötən ilin 9 ayı ilə müqayisədə bu ilin 9 ayında ərzaq məhsuları 5,7 faiz bahalaşıb. Dünya ərzaq bazarında baş verən son proseslərin Azərbaycana təsirinə gəlincə, Kənd Təsərrüfatı Nazirliyi rəsmiləri ciddi ərzaq problemi gözlənilmədiyini bildirir. Nazirliyin şöbə müdiri Sabir Vəliyevin sözlərinə görə, Azərbaycanda meyvə-tərəvəz məhsulları ilə təminat yerli istehsal hesabına ödənilir: "Taxıl və bəzi heyvandarlıq məhsullarının çatışmayan hissəsi xaricdən gətirilir. Ölkənin hansısa ərzaq məhsulu ilə bağlı xaricdən ciddi asılılığı yoxdur". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar