Dünya Novruz bayramını qeyd edir
21 Mart 2011 Bazar Ertəsi 20:47
Hər bir ölkədə müxtəlif formada keçirilən bu bayramı Avropada da bir neçə xalqın nümayəndələri birlikdə qeyd ediblər.
Bu gün dünyanın bir çox ölkələrində Novruz bayramı qeyd olunur. Hər bir ölkədə müxtəlif formada keçirilən bu bayramı Avropanın mərkəzi şəhərlərindən biri olan Parisdə bir neçə xalqın nümayəndələri birlikdə qeyd ediblər.
Baharın gəlişinin rəmzi olan Novruz bayramı dünyanın 10-dan artıq ölkəsində rəsmi dövlət bayramı kimi qeyd olunur. İranın ali dini lideri Ayətullah Əli Xamneyi və İran prezidenti Mahmud Əhmədinejat Novruz bayramı münasibəti ilə xalqa müraciət edib. Onlar bir sıra Yaxın Şərq ölkələrində baş verən aksiyaların İrana bayramı tam qeyd etməyə icazə vermədiyini deyib.
Amma buna baxmıyaraq, İran mətbuatı Tehranda Türkmənistan, Azərbaycan, Tacikistan, Əfqanıstan və Ermənistan prezidentlərinin iştirakı ilə martın 27-i və 28 də Beynəlxalq Novruz Festivalı keçiriləcəyi barədə məlumat yayıb.
Türkiyədə bayram şənlikləri polislə sakinlər arasında qarşıdurma ilə yadda qalıb. Belə ki, Adanada Novruz tədbirlərindən sonra bir qrup insan PKK teror təşkilatının lehinə şüarlar səsləndirərək yürüş ediblər və avtobusların şüşələrini sındırıblar. Nəticədə polis aksiyanı dağıtmaq məcburiyyətində qalıb.
Rusiyada da Novruz bayramı qeyd olunub. Onların sırasında Stavropolda yaşayan azərbaycanlılar da olub. Vilayətdəki Azərbaycan diasporası bayramı xüsusi təmtəraqla qeyd edib.
Novruz bayramı Əfqanıstanın paytaxtı Kabildə də qeyd olunur. Polis bayramın ilk günündən etibarən şəhərdə nəzarəti gücləndirib. Mümkün terror aktlarının qarşısının alınması məqsədi ilə əsayişin qorunmasına minlərlə polis əməkdaşı cəlb olunub.
Fransada isə bayram tədbirləri sakitçiliklə keçib. Parisdə yaşayan Asiya xalqlarının nümayəndələri, türklər, farslar və azərbaycanlılar həmrəylik nümayiş etdirərək bayarmı birgə qeyd ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: