Dunya Miyatoviç: “Əsas iş “Diffamasiya haqqında” qanunun qəbulundan sonra başlayacaq”
13 May 2011 Cümə 12:26
"Prezident məni əmin etdi ki, Azərbaycanda internet azad olaraq qalacaq, təəssüf ki, bu hala heç də bütün ATƏT ölkələrində rast gəlmək mümkün deyil”
“Son illər Azərbaycanda kütləvi informasiya vasitələri sektorunda bir sıra uğurlara nail olunub. Bu sırada diffamasiya haqqında qanunun qəbulu ilə bağlı diskussiyaların keçirilməsini qeyd edə bilərəm. Bakıda keçirdiyimi görüşlərdə məni əmin etdilər ki, bu qanunun qəbulu üzərində iş davam edir. Amma hesab edirəm ki, əsas iş bu qanun qəbul olunduqdan sonra başlayacaq”. APA-nın məlumatına görə, bu fikirləri ATƏT-in media və söz azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Azərbaycan prezidenti İlham Əliyevlə görüşünü şərh edən Dunya Miyatoviç bildirib ki, dövlət başçısının dəyərləndirmələri onu məmnun edib: “Prezident məni əmin etdi ki, internet Azərbaycanda azad olaraq qalacaq. Bu məni xeyli məmnun etdi, təəssüf ki, bi hala heç də ATƏT-ə üzv olan bütün ölkələrdə rast gəlmək olmur. Azərbaycan prezidenti ilə görüş çox konstruktiv məcrada keçdi. Görüşdə bir çox məsələlərə, o cümlədən Eynulla Fətullayevin və digər fəalların həbsdə olması məsələsinə toxunuldu. Məni əmin etdilər ki, bu məsələ yaxın zamanlarda öz həllini tapacaq”.

Müsbət məqamları qeyd edən Miyatoviç bildirib ki, hökumət daha plüralist medianın formalaşması üçün müəyyən tədbirlər görməlidir: “Jurnalistlər heç bir qorxu hissi keçirmədən istənilən mövzuda azad şəkildə yazmaq imkanına malik olmalıdır. Bu həm Azərbaycana, həm də digər ölkələrə aiddir. Rəsmi görüşlərdə Bakıda keçirilən aksiyalar zamanı həbslər məsələsinə də toxunduq. Qeyd etdik ki, hökumət bu məsələdə son dərəcə dözümlülük nümayiş etdirməlidir. Mən bu məsələni diqqət mərkəzində saxlamağa davam edəcəyəm”.

ATƏT rəsmisi Milli Televiziya və Radio Şurasının daha müstəqil quruma çevrilməsinin zəruriliyini vurğulayıb: “Səfərimin yekunu olaraq bəzi tövsiyələrim var, onları yaxın zamanlarda Azərbaycan hökumətinə göndərəcəyəm. Ölkənizdə medianın durumunu izləməkdə davam edəcəyəm”.

Dunya Miyatoviç Bakıda rəsmi şəxslər və qeyri-hökumət təşkilatlarınınnümayəndələri, həmçinin həbsdə olan Eynulla Fətullayevlə görüşdüyünü bildirib: “Rəsmi görüşlərdə məni əmin etdilər ki, əsas prioritet Eynulla Fətullayevin təhlükəsizliyinin təmin olunmasıdır”.

Xatırladaq ki, bu, Dunya Miyatoviçin Azərbaycana ilk səfəridir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar