Dünya İqtisadi Forumu çərçivəsində birgə nahar olub
27 Yanvar 2011 Cümə Axşamı 21:45
Nahar mərasimində Azərbaycan prezidenti də iştirak edib.
Davosda 41-ci Dünya İqtisadi Forumu çərçivəsində Avstriya-İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə nahar mərasimi olub. Prezidentin mətbuat xidmətinin verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dünyanın məşhur siyasət və biznes dairələrinin nümayəndələrinin bir araya gəlmələri və fikir mübadiləsi aparmaları baxımından xüsusi əhəmiyyətə malik nahar mərasimində Azərbaycana olan maraq daha çox hiss olunurdu. Bu da ilk növbədə, son illərdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əhəmiyyətinə, Azərbaycanın malik olduğu potensiala söykənir. Dövlət başçısının mərasimdən öncə keçirdiyi görüşlər də Azərbaycanın iqtisadi nailiyyətlərinin dünyanın işgüzar dairələrinin diqqət mərkəzində olduğunu təsdiqləyir.
Mərasimdə çıxış edən Avstriyanın federal kansleri Verner Fayman, Qazaxıstanın baş naziri Kərim Məsimov, Ukrayna prezidenti Viktor Yanukoviç və başqaları Dünya İqtisadi Forumunun mahiyyətinə diqqət çəkərək forumun iqtisadi-siyasi əlaqələrin qurulmasındakı əhəmiyyətindən danışıb. Bildirilib ki, forumun gündəliyi genişdir və burada təmsil olunan dövlətlərin nümayəndələri müzakirələrə qatılaraq ölkələrində gedən proseslər, əldə olunan uğurlar barədə forum iştirakçılarına məlumat verə bilər.
Azərbaycan prezidenti İlham Əliyev mərasimdə çıxış edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: