Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirib. Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, anım mərasimində cəmiyyətin sədri Samir İmanov 1918-ci ilin martında erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi qırğınlar və talanlar, iki yüz ilə yaxın bir müddətdə ermənilərin xalqımıza qarşı yürütdüyü qərəzli və kinli siyasət barədə geniş məlumat verib. Tədbirə qatılan qonaqlara 1905-1907-ci və 1918-1920-ci illərdə erməni hərbi dəstələrinin Qafqazın müxtəlif bölgələrində azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qətllər və talanlar, həmçinin 1948-53-cü illərdə soydaşlarımızın Ermənistanın ərazisindəki ata-baba yurdlarından deportasiya edilməsi, ermənilərin 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədilə başladıqları müharibə və onun faciəli nəticələrindən söhbət açılıb.
S.İmanov qeyd edib ki, Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart soyqırım günü kimi yad olunur.
Tədbirdə həmçinin qonaqlara ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən bəhs edən ingilis, ərəb və rus dilində hazırlanmış kitab, DVD və əyani vasitələr təqdim olunub. Anım mərasiminə toplaşanlar 31 mart soyqırımından bəhs edən fotosərgi ilə tanış olublar.
Qeyd edək ki, Azərbaycan Cəmiyyətinin 31 mart soyqırımı ilə bağlı ərəb dilində hazırladığı geniş məlumat Birləşmiş Ərəb Əmirlikləri parlamentinin sədr müavini Ahmad Sebib Al-Zahiriye və Dubay Şeyxi Aparatının rəhbəri Mohammad Ebrahim Al-Shebaniyə təqdim edilib./ANS PRESS/