Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 32,7 faiz artıb
14 Mart 2012 Çərşənbə 17:37
Fondun sosial sığorta haqları üzrə daxilolmaları 13,3 faiz artaraq 176,5 milyon manat təşkil edib.
Bu ilin yanvar-fevral aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 405,2 milyon manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 99,8 milyon manat və ya 32,7 faiz çoxdur. DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 13,3 faiz və ya 20,8 milyon manat artaraq 176,5 milyon manat təşkil edib.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 61,9 faizi və ya 109,2 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12,0 faiz və ya 11,7 milyon manat artıb, proqnoz isə 106,4 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 16,4 faiz artıb.
2012-ci ilin yanvar-fevral aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 67,4 milyon manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,5 faiz və ya 9,0 milyon manat artıb, proqnoz 99,8 faiz icra olunub.
Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 0,4 milyon manat təşkil edib. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verilib. Bu ilin yanvar-fevral aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 391,6 milyon manat olub.
Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 386,3 milyon manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 91,9 milyon manat və ya 31,2 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 32 faiz və ya 92,1 milyon manat artaraq 379,4 milyon manat təşkil edib.
Azərbaycan prezidentinin müvafiq sərəncamına əsasən 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunub. DSMF-in digər xərcləri 5,3 milyon manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 0,4 milyon manat və ya 7,4 faiz çoxdur.
DOSTLARINLA PAYLAŞ: