Dövlət Miqrasiya Xidməti: "Xraxoba kənd sakinləri seçim etməlidirlər"
16 İyun 2011 Cümə Axşamı 15:11
Qurum rəisi Arzu Rəhimov kənd sakinlərinə bir neçə variant təklif edib.
Azərbaycanın Rusiya ilə sərhədə yaxın hissəsində yerləşən Xraxoba və Uryanoba kəndlərinin sakinlərinin statuslarının müəyyənləşdirilməsi istiqamətində iş davam etdirilir. Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovun sözlərinə görə, bu kəndlərin sakinlərinə bir neçə variant təklif olunub.
“Azərbaycanın Xaçmaz rayonunun Xraxoba kəndində hazırda heç bir problem yoxdur. Xraxoba kəndinin sakinləri öz statuslarını müəyyənləşdirməli, ya müvəqqəti yaşamaq haqqında sənəd almalı və ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. İndiyədək Dövlət Miqrasiya Xidmətinin əməkdaşları bir neçə dəfə bu kəndə baş çəkərək yerli sakinlərə hüquqlarını izah ediblər”,- deyə Arzu Rəhimov əlavə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: