Dmitri Medvedev şərəfinə ziyafət verilib
03 Sentyabr 2010 Cümə 00:00
İlham Əliyev: “Ölkələrimiz qədim tarixə, xalqlarımız ortaq dəyərlərə malikdir”.
“Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə rəsmi ziyafət təşkil edilib. Dövlət başçıları ziyafətdə nitq söyləyiblər.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlətinin başçısını ölkəmizdə salamlayıb. Rusiya və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini bildirən dövlət başçısı İlham Əliyev deyib ki, hər səfər münasibətlərimizdə yeni səhifə açır. “Ölkələrimiz qədim tarixə, xalqlarımız ortaq dəyərlərə malikdir” deyən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Rusiya siyasi, iqtisadi və digər sahələrdə səmərəli əməkdaşlıq qurub və bu səfər çərçivəsində imzalanacaq sənədlər münasibətlərimizin gələcək inkişafında mühüm rol oynayacaq. 2009-cu ildə dünya iqtisadi böhranının ağır nəticələrinə baxmayaraq, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artdığını və mühüm nəticələrin əldə olunduğunu deyən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın rolundan danışıb. Dövlət başçısı ölkələrimizin humanitar sahədə səmərəli əməkdaşlıq qurduğunu, bütün bunların isə münasibətlərimizdə vacib amillər olduğunu deyib.
Rusiya Prezidenti Dmitri Medvedev Azərbaycanı Rusiyanın strateji tərəfdaşı adlandırıb və bildirib ki, səfər zamanı imzalanacaq sənədlər dostluq münasibətlərini daha da möhkəmləndirəcək, eyni zamanda, ikitərəfli normativ hüquqi bazanın güclənməsinə xidmət edəcək. Ölkələrimizin iqtisadi sahədə güclü əməkdaşlıq qurduğunu deyən Dmitri Medvedev müasir dünyada təhlükəsizlik məsələsinin mühüm amil olduğunu vurğulayıb və bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rolunu davam etdirəcək. Dmitri Medvedev ölkəmizdə rus dilinə və mədəniyyətinə göstərilən diqqətdən məmnun olduğunu, eyni münasibətin Rusiyada yaşayan böyük Azərbaycan diasporuna da göstərildiyini vurğulayıb. Rusiya dövlətinin başçısı dəvətə və yüksək qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə təşəkkürlərini çatdırıb.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: