Diplomatlarımız Exo Moskvı redaksiyası ilə əlaqə saxlayacaq
24 May 2011 Çərşənbə Axşamı 18:44
Moskvadakı səfirliyimizə tapşırılıb ki, Azərbaycanın rəsmi mövqeyi Exo Moskvı radiostansiya rəhbərliyinin diqqətinə çatdırılsın.
Məlum olduğu kimi Rusiyanın “Exo Moskvı” radiostansiyasının baş redaktorunun müavini Serqey Buntman Azərbaycan üçün arzuolnumaz şəxs elan edilib. Buna səbəb Buntmanın və radiostansiyanın digər əməkdaşlarının Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etməsidir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyir ki, rəsmi Bakının icazəsi olmadan Dağlıq Qarabağa səfər edən istənilən adam arzuolunmaz şəxs hesab edilir. Radiostansiyanın əməkdaşları rəsmi Bakının etiraz edəcəyini qabaqcadan bilsələr də, bu səfəri reallaşdırıblar.
“Məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinə tapşırıq verilib. Diplomatik nümayəndəliyimizə “Exo Moskvı” radiostansiyasının redaksiyası ilə əlaqə saxlamaq, eləcə də belə bir addımın qeyri-qanuni olduğunu və Azərbaycan tərəfinin rəsmi mövqeyini redaksiyanın heyəti və rəhbərliyinin diqqətinə çatdırmaq tapşırılıb. Xarici İşlər Nazirliyi xarici siyasət sahəsində icraçı orqan olduğudan və belə bir məsələləri daim izlədiyindən fikirlərimiz və tövsiyyələrimizlə daim dövlət qarşısına çıxırıq”,- deyə Poluxov bildirib.
Elxan Poluxovun sözlərinə görə, Azərbaycan Respublikasının qanunverciliyini pozan hər bir şəxs öz cəzasını tapır və tapacaq.
Xatırladaq ki, “Exo Moskvı” radiostansiyası baş redaktorun birinci müavini Sergey Buntmanı Dağlıq Qarabağa ezamiyyətə göndərib. Sergey Buntmanın Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfərinə rəsmi Bakının proqnozlaşdırılması çətin olmayan neqativ reaksiyasına rəğmən radiostansiya bu avantürist ideyasından əl çəkməyib. Sergey Buntman nəinki işğal altında olan ərazilərə səfər edib, hətta separatçıların lideri Bako Saakyan, “Stepanakert meri” Vazgen Mikaelyanla müsahibələr hazırlayıb. Bu müsahibələrin audioversiyası hələ də “Exo Moskvı” radiostansiyasının rəsmi saytında qalmaqdadır.
"Exo Moskvı” radiostansiyası baş redaktorunun birinci müavini Sergey Buntmanın adı ölkəmizə gəlməsi arzu edilməyən şəxslər siyahısına daxil edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: