Dində süni mayalanmaya icazə var?
21 Noyabr 2009 Şənbə 11:40
Dində süni mayalanmaya icazə var? İslam dini hamiləliyin təbii yolla həyata keçirilməsinin tərəfdarıdır
XXI əsrin problemi
Müasir həyat tempi, ekoloji amillər, qeyri-təbii qidalar, tez-tez qarşılaşdığımız streslər istər qadın, istərsə də kişilərin orqanizmində bir çox problemlərə gətirib çıxarır. Son zamanlar tibbdə rast gəlinən ən böyük problemlərdən biri də sonsuzluqdur.
Sonsuzluq - 12 ay müntəzəm cinsi yaxınlıq zamanı orqanizmdə mayalanma prosesinin olmamasıdır. Sonsuzluq həm qadınlarda, həm də kişilərdə müşahidə olunur.
Dünyada qəbul olunub ki, hər hansı bir ölkə üçün sonsuzluq həddi 15 faizi keçərsə, bu, ciddi təhlükə sayılır. Bu gün Azərbaycanda sonsuzluq 13 faizdir.

Bəs nə etməli?
Hər bir şəxs ailə qurarkən övlad sahibi olmaq, nəslini davam etdirmək istəyir. Artıq qeyd etdiyimiz kimi, bu xoşbəxtlik hər kəsə nəsib olmur. Əvvəllər ailələr bu cür problemlə qarşılaşdıqda yaxın qohumlardan, yaxud uşaq evlərindən körpələri övladlığa götürürdülər. Lakin hər kəs başqasının uşağını özünə övlad edərək tərbiyə etmək istəmir və nəticədə ailələr dağılırdı.
Bu gün müasir texnoloji yeniliklər həyatımıza bu problemin həlli ilə bağlı yeni bir metod gətirib. El arasında süni mayalanma adlanan ekstrakorparal (latın dilində «extra» - kənar, «corpus» - vücud, bədən mənasındadır) mayalanma üsulu müasir tibbdə sonsuzluğun müalicəsində istifadə olunur.
Süni mayalanma metodunun əsas mahiyyəti: qadın orqanizmindən əldə olunmuş yumurta-hüceyrə süni şəraitdə (sınaq borusunda) mayalandırılır, alınmış embrion 2-5 gün ərzində inkubatorda inkişaf etdirilir. Bundan sonra embrion gələcək inkişafı üçün ananın uşaqlıq boşluğuna yerləşdirilir. Adətən ilk iki cəhddə hamiləlik alınsa da, bəzən qadın bu yolla hamilə qalmaq üçün 3-4, yaxud daha artıq cəhd etməli olur.

«Süni» körpələr
Süni mayalandırma üsulu ilə ilk dəfə 1978-ci ildə Böyük Britaniyada Liuza Braun dünyaya gəlib. Keçmiş SSRİ-də bu üsuldan 1986-cı ildə istifadə olunub.
Cəmiyyətdə həmin körpələrin təbii yolla dünyaya gələn körpələrdən fərqli olduğu, əqli cəhətdən normal yolla dünyaya gələn körpələrdən geri qaldığı haqqında yalnış təəssürat var. Mütəxəssislər süni mayalanma üsulu ilə doğulan körpələrin təbii yolla dünyaya gələn körpələrdən heç nə ilə fərqlənmədiyini bildirir. Sadəcə, bəzən süni mayalanma nəticəsində doğulan körpələrdə bir qədər fiziki zəiflik müşahidə oluna bilər. Bu da ananın hamiləlik dövründə qəbul etdiyi dərman preparatları ilə əlaqəli olur. Əgər hamilə qadın həmin dövrdə müxtəlif kimyəvi dərman preparatlarından istifadə edibsə, bu təbii yolla dünyaya gələn körpənin də immun sistemində özünü göstərəcək.

Süni mayalanma haramdır?
Qeyd etmək lazımdır ki, süni mayalanma metodu cəmiyyətdə birmənalı qarşılanmır. Əhali arasında bu metodun milli-mənəvi, dini dəyərlərə zidd olduğu fikri ciddi müzakirə obyektinə çevrilib. Hətta «Reproduktiv sağlamlıq və ailə planlaşdırılması» haqqında qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılarkən deputatlar layihədə əksini tapan «surroqat ana» və cinsi toxumalar üzrə donorluq məsələlərinin milli mentalitetimizə, dini dəyərlərimizə zidd olduğunu əsas gətirərək, bu barədə qanunun qəbul olunmasının əleyhinə çıxdılar.

Bəs görəsən mütərəqqi və zamanın tələblərinə cavab verən İslam dininin bu məsələyə münasibəti necədir?
Bu məsələ ilə əlaqədar onu qeyd etmək lazımdır ki, dinimiz hamiləliyin təbii yolla həyata keçirilməsinin tərəfdarıdır. Lakin bu mümkün olmadıqda tibbi göstərişlə süni mayalanmadan istifadəyə icazə verir. Süni mayalandırmaya aid dini göstərişlər isə bəzi faktorlardan asılı olaraq dəyişir.
1.Dinimizə görə, süni mayalanma prosesində iştirak edən qadın və kişi ər-arvad olmalıdır. Onların dini kəbini olarsa, bu proses halal hesab olunur.
2.Əgər hər hansı bir səbəbdən (uşaqlığın olmaması, hamiləliyin və doğuşun ana üçün təhlükəli olması və s. kimi hallar) qadın embrionu daşıya bilmirsə, bu zaman surroqat anadan istifadə olunur. Öz uşaqlığında donor embrionu daşıyan, uşaq dünyaya gətirməyə qadir olan qadın surroqat ana adlanır. İslam dinində qadının yumurta hüceyrəsi ərinin sperma hüceyrəsi ilə mayalandırılaraq digər bir qadının bətninə yerləşdirilməsinə icazə verilmir. Çünki hamiləlik dövründə körpə surroqat ananın qanı ilə qidalanır, onun hiss və həyəcanlarını yaşayır. Dinimizdə anadan bir olan bacı-qardaşlar məhrəm sayılır və evlənə bilməzlər.
3.Bəzən ərin sperma hüceyrəsi yad qadının yumurta hüceyrəsi ilə mayalandırılır və qadının bətninə yerləşdirilir. Bu zaman əgər yumurta hüceyrəsi götürülən qadınla kişi arasında dini kəbin varsa, bu iş halal sayılır. Əks təqdirdə, dinimiz bu prosesə icazə vermir.
4.Kişi sonsuzluğu zamanı bəzən qadının yumurta hüceyrəsi yad kişinin sperma hüceyrəsi ilə mayalandırılır. İslam dininə görə, bu proses haramdır.

Göründüyü kimi, süni mayalandırma zamanı hər iki tərəfin şəri nikahı olmalıdır. Çünki uşaq mütləq öz ata və anasının kim olduğunu bilməlidir. Əks təqdirdə, dünyaya gələn uşağın əsil-nəsəbi qarışmış olur. Donor kişi və ya surroqat ananın uşaqlarının gələcəkdə bir-birilə rastlaşıb ailə qurmaq ehtimalının olduğunu nəzərə alsaq, hansı nəticələrlə üzləşərik? Bu halda, bacı-qardaş evlənə və xalqın genetik yaddaşında ciddi dəyişikliklər baş verə bilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar