DİN Lənkəranda İsa Qəmbərə hücuma məruz qalmasına münasibət bildirib
14 Yanvar 2013 Bazar Ertəsi 19:26
Ehsan Zahidov: “Müraciət qanuna müvafiq olaraq qeydiyyata alınıb və orada göstərilən xüsusatlar araşdırılır”
Daxili İşlər Nazirliyi "Müsavat" Partiyasının başqanı İsa Qəmbərin və tərəfdarlarının yanvarın 13-də Lənkəranda hücuma məruz qalmasına münasibət bildirib. DİN mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov Lent.az-a bildirib ki, məsələ ilə bağlı nazirliyin 102 zəng xidmətinə müraciət olunub.
Müraciət qanuna müvafiq olaraq qeydiyyata alınıb və orada göstərilən xüsusatlar araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq qərar qəbul ediləcək: “Yanvarın 13-də partiya başqanı və ətrafında olan bir neçə şəxs günorta saat 14:30 radələrində Lənkəran rayonunun Göyşaban kəndinin ərazisində olarkən, əsasən qadınlardan ibarət bir qrup rayon sakininin ciddi etirazı ilə qarşılaşıb. Həmin qadınların ciddi narazılıq və nifrətini görən partiya başqanı təcili rayon ərazisini tərk edib. Bu zaman bəzi mətbuat orqanlarının iddia etdiyi kimi zərərçəkən, xəsarət alan olmayıb. Hazırda aidiyyəti üzrə araşdırma aparılır”.
DOSTLARINLA PAYLAŞ: