Dilənçi dövlət kimə meydan oxuyur?
15 Noyabr 2010 Bazar Ertəsi 21:15
Politoloq: "Ermənistan bir tərəfdən qəpik-quruş umur, o biri tərəfdən deyir ki, öz bildiyini edəcək"
Bir çox iqtisadi layihələrdən kənarda qalan Ermənistanın prezidenti Azərbaycanın ərazisində ola-ola bəyanatlarla çıxış edir. Vaxtı gələndə Ermənistanın zərbələrinin dağıdıcı olacağını deyən Serj Sarkisyanın bəyanatı sadəcə Azərbaycana sözlə cavab atəşidir. Rəsmi Bakı isə Sarkisyanın bu tipli bəyanatlarına gülümsəyir.
Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağda keçirilən təlimlər zamanı bəyan edib ki, bu cür təlimlər Azərbaycan tərəfdən gələn təhdidlərə cavabdır. “Biz heç vaxt müharibə istəməmişik. Lakin vaxt gələndə, məcbur olsaq, o zaman bizim zərbəmiz dağıdıcı və qəti olacaq”, - deyə o bildirib.
Politoloqlar hesab edir ki, bu cür hərəkətlərlə Sarkisyan bir daha demək istəyir ki, münaqişənin həllinə dair o heç bir güzəştlərə getmək niyyətində deyil və bu cür bəyanatlar ancaq şantaj xarakteri daşıyır. Politoloq Rasim Musabəyovun sözlərinə görə, Ermənistan bu təlimlərdə iştirakla nəinki Azərbaycana, həm də ATƏT-in Minsk qrupuna, həmsədr ölkələrə, eləcə də Avropa dövlətlərinə meydan oxumaq niyyətindədir: “Amerika, Rusiya kimi dövlətdən söhbət getsə idi, biz həm güc, həm də mövqe ilə hesablaşmağa məcbur olardıq. Ancaq bu bir cılız və dilənçi dövlətdir. Ermənistanın bu hərəkəti təkcə Azərbaycana yox, Amerika, Rusiya, Avropaya meydan oxumaqdır. Bir tərəfdən qəpik-quruş umur, o biri tərəfdən deyir ki, öz bildiyimi edəcəm.
Ekspertlər eyni zamanda düşünür ki, Ermənistan prezidentinin bu cür bəyanatları həm də öz cəmiyyətinə yönəlib. O, ölkədə mövcud olan gərgin sosial- iqtisadi vəziyyətdən əhalinin diqqətini yayındırmaq istəyir və əhalinin ölkə rəhbərliyinə inamsızlığını aradan qaldırmağa çalışır. Politoloq Ərəstun Oruclu hesab edir ki, Serj Sarkisyanın istənilən bəyanatı Ermənistan cəmiyyəti tərəfindən qəbul edilmir və əhalinin indiki Ermənistan rəhbərliyinə etibarını artıra bilməz. Ölkə əhalisinin özünün Ermənistan ordusunun gücünə inamı azalıb. “İqtisadi problemlər içində boğulan Ermənistanda siyasi proseslər də sürətlənib. Ermənistan müxalifəti sürətlə öz tərəfdarlarının sayını artırmaqla yanaşı, öz fəaliyyətini də gücləndirib. Belə bir şəraitdə bu mesaj erməni cəmiyyətinə yönəlib. Serj Sarkisyan belə bir bəyənat verməklə, erməni cəmiyyətinə göstərmək istəyir ki, o hələ siyasi situasiyaya nəzarət edir. Digər tərəfdən də əgər erməni cəmiyyətinin ona təpkisi güclənərsə, o daxili siyasi proseslərdən qaçmaq üçün hərbi əməliyyatlara əl ata bilər”, - deyə o vurğulayıb.
Siyasi ekspertlər Ermənistan prezidentinin Dağlıq Qarabağda keçirilən təlimlərdə iştirakını və Azərbaycana meydan oxuyan bəyanatlarının dekabrın əvvəlində ATƏT-in Astanada keçiriləcək sammiti ərəfəsində baş verməsini də təsadüfi saymır. Belə ki, bu, Sarkisyanın yenə də danışıqlar prosesindən yayınaraq heç bir razılığa gəlməmək niyyətinin olduğunu göstərir. Bundan başqa bu cür bəyanatlar Ermənistan rəhbərinin görüş ərəfəsində daxili audoriya qarşısında mövqelərini möhkəmləndirməyə hesablanıb.
Rasim Musabəyovun dediyinə görə, Ermənistanı himayə edən dövlətlər bilir ki, Madrid prinsiplərində irəliləyiş olmasa, vəziyyət addım-addım hərbi müstəviyə keçə bilər: “Bir tərəfdən Ermənistanın əzilməsini istəmirlər, o biri tərəfdən isə açıq şəkildə həmsədr dövlətlər Ermənistanın müdafiəsinə qalxsalar, anlayırlar ki, onların konkret maraqları Azərbaycanda zərbə altına düşə bilər”.
Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat katibi Eldar Sabiroğlu isə Azərbaycana məxsus Dağlıq Qarabağ ərazisində keçirilən təlimlərdə Ermənistan prezidenti Serj Sarkisyanın iştirakını oyun adlandırır və yalnız görüntü xarakteri daşıdığını deyir. Onun sözlərinə görə, bu gün Ermənistan ordusunda və onun işğal etdiyi Azərbaycan ərazilərində cəmləşdirdiyi hərbi qüvvələrdə belə imkanlar yoxdur.
Xarici İşlər Nazirliyi isə bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın mövqeyi dəyişməyib. Nazirliyin mətbuat katibi Elxan Poluxov ANS-ə bildirib ki, Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həllinə tərəfdardır və münaqişənin sülh yolu ilə həlli üçün danışqlar prosesində iştirak edir. Lakin bu o demək deyil ki, rəsmi Bakı danışıqlar prosesini uzatmağa istiqamətlənmiş addımlara yol verəcək: “Bu danışıqların potensialı tükənəndə, Azərbaycan tərəfi münaqişəni beynəlxalq qanunvericilikdə nəzərdə tutulan bütün vasitələrlə həll etəmyə hazırdır”.
DOSTLARINLA PAYLAŞ: