Diffamasiya haqqında qanun Milli Məclisdə niyə müzakirə olunmadı?
01 Oktyabr 2011 Şənbə 15:48
Əli Həsənov: "Diffamasiya haqqında" qanunun qəbulu parlamentin iradəsindən asılıdır".
Azərəbycanda "Diffamasiya haqqında" qanunun qəbuluna böyük ehtiyac var. Yeni Nəsil Jurnalistlər birliyinin sədri Arif Əliyev belə hesab edir. Onun sözlərinə görə, Azərbaycanda hazırda kütləvi informasiya vasitələrində şərəf və ləyaqətin təhqirinə görə cinayət işinin açılması nəzərdə tutulduğundan belə bir qanunun qəbulu labüddür.

"Bəzi Avropa ölkələrində bu qanun yoxdur. Çünki, orada şərəf və ləyaqətin təhqirinə görə cinayət işi yoxdur. Bizdə isə bundan istifadə edib jurnalistə qarşı çəkindirici təzyiqlər göstərirlər", deyə A. Əliyev qeyd edib.

A. Əliyev onu da bildirib ki, "Diffamasiya haqqında" qanun layihəsi 2009-cu ildə parlamentə təqdim olunub

"5 deputatdan ibarət qrup 13 oktyabr 2009-cu ildə "Diffamasiya haqqında" qanun layihəsini rəsmən parlamentə təqdim etdi və parlament onu qəbul etdi. Onun qeydiyyat nömrəsi də var. Bundan sonra qanun müzakirəsinin parlamentdə başlayacağı haqda 2010-cu ilin fevralın 5-də Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun bəyanatı olub. 13 fevralda müvafiq komitələrdə və 5 mart 2010-cu ildə hüquq siyasəti üzrə komitənin rəhbərinin bəyanatı olub ki, bəli, o qanun layihələri bizdədir. 2010-cu ildə ATƏT və Mətbuat Şurası da rəsmən elan etdilər ki, belə bir qanun layihəsi hazırlanıb və rəsmən parlamentə təqdim edlilib", deyə A. Əliyev qeyd edib.

Prezident Admistrasiyasının şöbə müdiri Əli Həsənov isə deyir ki, "Diffamasiya haqqında" qanunun qəbulu parlamentin iradəsindən asılıdır.

"Bütövlükdə media sahəsindəki fəaliyyətimiz və dövlət siyasətimiz ona yönəlib ki, Azərbaycan jurnalistləri peşəkarlaşsın. Azərbaycan prezidenti də Mətbuat Şurasındakı görüşündə belə bir qanunun qəbuluna etiraz etmədiyini dedi. Yetər ki, Avropa Şurası bütün dünya ölkələrində standart normalarla fəaliyyət göstərsin. Eyni prinsiplərlə yanaşsınlar".

Xatırladaq ki, parlamentin dünən keçirilən iclasında sipker Oqtay Əsədov bildirdi ki, parlamentdə "Diffamasiya haqqında" qanun layihəsi yoxdur: "Belə bir qanun parlamentdə yoxdur. İkincisi, bu qanun hazır olsa da ümumxalq müzakirəsindən sonra qəbuk edilə bilər".

Qeyd edək ki, "Diffamasiya haqqında" qanun layihəsi jurnalistlərin Cinayət Məcələsinin 147 və 148-ci yəni böhtan və təhqir maddələri üzrə ittaham edilərək həbs olunmasının ləğvini nəzərdə tutur. Avropa Şurası və ATƏT, eləcə də bir sıra digər beynəlxalq təşkilatlar Azərbaycana bu qanunun qəbulunu tövsiyə edirlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar