Dəlidən doğru xəbər var, ermənilər etiraf edir
30 İyun 2013 Bazar 23:51
Əgər ruslar bu gün hesab etsə ki, sizin düşmənləriniz türklər yox, yunanlardır, o zaman siz 1950-ci ilə qədər olduğu kimi bu yolu tutacaqsınız!
Ermənistanda Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı başqa cür düşünənlər tapılır. Məsələn, Dağlıq Qarabağ özündən respublikasının xarici siyasət idarəçisinin rəhbəri Karen Mirzoyan Fransa televiziyasına qəflətən deyib ki, Qarabağ Azərbaycanın tərkibinə qayıda bilər. Ümumiyyətlə, Ermənistanda yeni düşüncə tərzinin real nəticələri hiss olunmaqdadır və belə inanılmaz bəyanatları başqa ermənilərdən də eşitmək olur.
Ermənistanda yeni ictimai ovqat formalaşmaqdadır. Erməni-türk düşmənçiliyinin, daha doğrusu, ermənilərin türklərə bəslədiyi səbəbin kökünə çatan keçmiş siyasi məhbus Şant Arutunyan maraqlı nəticələr açıqlayıb. Məlum olub ki, bu nifrət heç də erməni vətənpərvərliyinin təzahürü deyil. Ortada Rusiyanın tarixi bir komandası varmış ki, o da lazım olanda işə düşür.
Məsələn, Arutunyan hesab edir ki, 1921-ci ildə Lenin və Atatürk müstəqil Ermənistan dövlətini məhv edərək bölüşdürüblər və bu zaman həmin şəraitdə ruslar türklərin düşmən obrazında təqdimatını ermənilərə qadağan etmişdilər, çünki ruslar türkləri qardaş hesab edirdilər.
İkinci dünya müharibəsi zamanında Stalin xalqların vətənpərvərlik ruhunu qarldırmaq qərarına gəldi və hər yerdə vətənpərvərlik məzmununda əsərlər yaradılmasına başlandı. Ermənistanda da “Vardanank”, “Çar pap” kimi tarixi romanlar, “David bəy” kimi filmlər yarandı. Amma onların heç biri türklərin əleyhinə deyildi, bu əsərlərin məzmunu ermənilərin farslara qarşı milli azadlıq hərəkatı barədə idi.
Təbii ki, Stalin zamanında heç kimin ağlına belə bir sual gəlmirdi ki, balam, görəsən niyə türklərin əleyhinə heç nə yazmırlar. Şant eyni sualı türklərin bugünkü düşmənlərinə də verir və dərhal da cavabını elan edir. Heç demə səbəb sadə imiş. 1952-ci ildə Türkiyə antisovet bloka - NATO-ya üzv qəbul edilir və bununla da, Rusiya hesab edir ki, Türkiyə qardaşlıq paktını pozdu.
Yalnız bundan sonra Moskva Ermənistanda antitürk əsərlərin yaradılmasını əmr etdi və Mxitar Sparapet, “Naxırçıların çağırışı” kimi antitürk əsərlər yarandı. Hətta onlar Xaçatur Abovyanın itkisini belə türklərin boynuna atmaqdan iyrənmədilər. Şant belə də yazır.
Niyə iyrənmədilər: ona görə ki, Türkiyənin NATO-ya qəbul olunmasına qədər dərsliklərdə yazırdılar ki, çar hökuməti gecənin zülmətində qara karetada Abovyanı apardılar. Arutunyan yazır ki, bax onlar bütöv bir xalqın milli hisslərini belə ələ salırdılar. Tarixi gah bir, gah başqa məzmunda təqdim edirdilər və məhz, bu atntitürk təbliğatının nəticəsində türklərə qarşı ərazi iddiası ilə çıxış edən ermənilər tapıldı.
Ruslar bu iddialara görə, erməniləri mühakimə etməyə başladılar. Çünki Rusiya-Türkiyə müqaviləsində Turkiyəyə qarşı ərazi iddiası ilə çıxış edən istənilən şəxsin məhkəməyə verilməsi barədə Rusiyanın öhdəliyi var idi. Müəllifə görə məsələdən agah olan ermənilər Ermənistanın azadlığı ideyasını buna görə ortaya atdılar.
Amma KQB də bu zaman proseslərə rəhbərlik etdi ki, hərəkatın məcrasını və mahiyyətini dəyişsin. KQB hər şeyi edirdi ki, əhalidə türklərə nifrət artsın. Bununla da, ermənilərdə müstəqil dövlət ideyasına bir xof yaransın. Müstəqillik hissini boğmaq üçün KQB türkə nifrət hissini aşıladı. 1988-ci ildə də, məhz, elə bu məqsədlə torpaq iddiası ortaya atıldı və nəticədə uduzdular. İndi də belə olacaq.
Müəllifin məntiqinə görə, əgər ermənilər türklərə KQB-nin sifarişi ilə yox, səmimi vətənpərvərlik zəminində nifrət edirlərsə, onda eyni ehtirasla rus sapoquna da nifrət edilməlidir. Çünki fərqi yoxdur, sən kimin koloniyasısan, türkün, amerikanın, yoxsa almanın! Əgər siz həqiqətən vətənpərvərsiniz, onda rus bazalarının əleyhinə olduğunuzu elan edin!
Ermənistan bu gün sonuncu kolonizatorlarının rusların əleyhinədir. Siz isə bu hədəfi bir kənara qoyub türkləri söyürsünüz! Əgər ruslar bu gün hesab etsə ki, sizin düşmənləriniz türklər yox, yunanlardır, o zaman siz 1950-ci ilə qədər olduğu kimi bu yolu tutacaqsınız! Çünki siz həbsxanaya düşmək qorxusundan böyük qardaşınıza qarşı çıxmayacaqsınız!
Bütün bunlar kifayət qədər tanınmış siyasətçi, keçmiş siyasi məhbus Şant Arutunyanın görüşlərindəndir.
DOSTLARINLA PAYLAŞ: