Ümumdünya Səhiyyə Təşkilatı A/H1N1 qripinin pandemiyası (epidemiya) təhlükəsinin maksimal – 6-cı səviyyəyə yüksəldildiyini elan edib.
APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu, pandemiyanın başlandığının rəsmən elan olunması deməkdir. Qərar “donuz qripi”nin daha çox yayıldığı ölkələrlə məsləhətləşmələrdən sonra təşkilatın fövqəladə toplantısında qəbul edilib. Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri pandemiyanın meyarlarına uyğun şəkildə dünyanın coğrafi cəhətdən bir-birindən təcrid olunmuş bir neçə regionunda virusun yayılmasına dair sübutların təkzibedilməz olduğu qənaətinə gəliblər. Belə ki, son günlər Avstraliya, Yaponiya və Honkonqda infeksiyanın başqa ölkələrdə yoluxmuş insanlarla bağlı olmadan kütləvi yayılması faktı qeydə alınıb. Toplantının əvvəlində beynəlxalq qurumun ekspertləri pandemiyanın insanların həyatına təhlükə törətməsi ilə əlaqədar deyil, məhz yayılma arealına görə elan olunmasının vacibliyini vurğulayıblar.
APA