Daş yuxular romanı müəllifi Əkrəm Əylisli danışdı
02 Fevral 2013 Şənbə 11:06
Qalmaqallı Daş yuxular romanı müəllifi Əkrəm Əylisli: Romanı yazarkən onun cəmiyyətdə belə bir reaksiyaya səbəb olacağını gözləmirdim.


Milli Məclisin yaz sessiyasının ilk iclasında əsasən müzakirə obyekti Əkrəm Əylislinin “Daş yuxular” romanı oldu. Romandaki fikirlərə münasibət bildirən millət vəkilləri yazıçını ermənipərəst mövqe tutmaqda günahlandırdılar. Deputat Əli Əhmədovun sözlərinə görə, Əkrəm Əylisli bu əsəri ilə Ermənistanın Azərbaycana təcavüzünə haqq qazandırıb və ermənilərin Azərbaycan torpaqlarına haqsız iddialarına zəmin yaradır. Millət vəkili, yazıçı Sabir Rüstəmxanlı isə həmkarını yazdığı romana görə qınadı.

Əkrəm Əylisliyə qarşı etirazlar bu gün yalnız Milli Məclis binasında deyil küçədə də səsləndi. Bir qrup gənc üzərində “Daş yuxular” yazılmış simvolik kitabı üzərində xaç işarəsi olan tabuta qoydu. Bununla gənclər “Daş yuxular” əsərinin rəmzi dəfnini keçirdilər.

Yazdığı romanla bağlı etirazların artdığı Əkrəm Əylisli isə ANS-ə əsəri Azərbaycan dilində dərc etməyə hazırlaşdığı barədə məlumat verib. Onun sözlərinə görə, rus dilinə tərcümə olunmuş romanda əsərə sonradan edilmiş əlavələr nəzərə alınmayıb. Yazıçının sözlərinə görə, bu ona qarşı təxribatdır. Əkrəm Əylisli onu da dedi ki, romanı yazarkən onun cəmiyyətdə belə bir reaksiyaya səbəb olacağını gözləmirdi.

Xatırladaq ki, “Daş yuxular” romanı rus dilində, Rusiyanın “Drujba narodov” jurnalında çap edilib. Romanda azərbaycanlılarla ermənilərin münasibətlərinə dair fikirlər yer alıb. Əsərdə azərbaycanlıların və türklərin ermənilərə qarşı zorakılıqlar törətməsi barədə fikirlər cəmiyyətin müxtəlif təbəqələrinin sərt reaksiyasına səbəb olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar