Dani Ayalon: “İsrail üzr istəməyəcək”
14 İyun 2010 Bazar Ertəsi 10:35
Dani Ayalon: “İsrail üzr istəməyəcək. Üzr istəyəcək tərəf gəmi səfərini təşkil edənlərdir".
İsrailin xarici işlər nazirinin müavini Dani Ayalon ölkəsinin, İsrail ordusunun mayın 31-də Qəzzaya yardım aparan gəmiyə basqın etməsi və nəticədə 9 türkün ölməsi ilə bağlı üzr istəməyəcəyini bildirib. “Ynet” xəbər saytının verdiyi məlumata görə, Ayalon bu açıqlamanı Amerikanın CNN telekanalına verib.
Xarici işlər nazirinin müavini bildirib ki, əslində üzr istəyəcək tərəf gəmi səfərini təşkil edənlərdir. Bununla belə, Ayalon İsrailin baş verənlərə görə narahat olduğunu, məsələnin ciddi araşdırılmasında maraqlı olduğunu önə çəkib. Diplomat xüsusilə vurğulayıb ki, Türkiyə ilə münasibətlərin normal məcrada davam etməsi həm İsrail, həm də ABŞ üçün önəmlidir.
Bu arada o da bəlli olub ki, Dani Ayalon beş gün müddətində Avropada rəsmi səfərdə olacaq. O səfər çərçivəsində Vatikan, İtaliya və Fransada olacaq.
İsrailin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Ayalon Vatikanda daha çox iqtisadi münasibətləri müzakirə edəcək. İtaliya və Fransada isə BMT Təhlükəsizlik Şurasının İranla bağlı son qətnaməsi barədə fikir mübadiləsi aparılacaq, Avropa ölkələrinin İrana qarşı əlavə qərarlar qəbul etməsinin vacibliyi diqqətə çatdırılacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: