Daha bir tikinti şirkəti payçıları mənzilsiz qoydu
10 Yanvar 2012 Çərşənbə Axşamı 13:22
Həbsə düşən şirkət rəhbəri bu günlərdə dünyasını dəyişib.
"Olimpus-az" şirkəti 2007-ci ildə Yasamal rayonu Talıblı küçəsi 4 saylı ünvanda çoxmərtəbəli binalar tikmək adı ilə vətəndaşların külli miqdarda pulunu mənimsəyib. Lakin 2008-ci ilin fevralından bu yana 4 il ərzində binada tikinti işləri 4 -cü mərtəbədən sonra dayanıb. Müxtəlif vaxtlarda şirkətin rəhbəri Rauf Qurbanov bunu maliyyə problemləri ilə izah edərək günü-günə, ili-ilə satıb.
Payçı Akif Süleymanov deyir ki, onun kimi onlarla vətəndaş 10 minlərlə pul verərək "Olimpus-az"la müqavilə bağlayıblar. Onlar arasında 20-80 min manatadək pul verən payçılar da var, bəziləri qiymətli əşyalar, məsələn, avtomobillərini mənzil sənədləri ilə barter ediblər.
Zərərçəkmişlərin nümayəndəsi Bayram Sadıqov deyir ki, 38000 manatlıq maşın verib əvəzində 1 otaqlı 40 min manatlıq ev sənədi alan da var.
Payçıları mənzilsiz qoyan "Olimpus-az"ın rəhbəri həbsxanada dünyasını dəyişib
Payçılar aldadıldıqlarını anlayandan sonra hüquq-mühafizə orqanlarına müraciət ediblər. Beləliklə, Rauf Qurbanov və onun şəriki Vüsal Rəhimov dələduzluqda ittiham olunaraq Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə həbs olunublar. Rauf Qurbanov 11 il həbs qərarı alıb, Vüsal Rəhimov barəsində çıxarılan hökm isə 70-ci maddə tətbiq olunmaqla şərti 4 illik cəza ilə əvəz olunub.
Şirkətin rəhbəri Rauf Qurbanovun bir neçə gün əvvəl həbsxanada dünyasını dəyişməsi sakinlərin sonuncu ümidinin də itməsilə nəticələnib. Elə bu səbəbdən payçıların Yasamal məhkəməsində xeyirlərinə çıxarılan 4 qətnamə də icra oluna bilmir. Nədən ki, 3 binanın torpaq sahəsi başqa bir şirkət- "Qlobal Azəri"yə məxsusdur. "Olimpus-az"ın isə burada ancaq bina tikintisinə icazəsi olub, mənzil satmağa yox.
Şirkətlər arası müqavilə 50/50-yə nisbətində olub. Mülkiyyət tam "Olimpus-az"a verilmədiyindən məhkəmə qərarları da icra olunmadan qalıb.
Vəkil Rövşən Musayev bildirib ki, "Qlobal Azəri"nin rəhbəri Mehdi Axundov "Şərur MTK"nın rəhbəri İsfəndiyar Axundovun oğludur: "Bura başsız qalıb. Topağı camaata versələr, nə isə etmək olar - burada milyon yarmlıq yeyinti var".
Payçı Asif Abbasov isə deyir ki, dövlət tərəfindən "Şərur MTK"ya pul ayrılıb, "Muray" şirkəti tərəfindən aldadılanlara evlər verilib, görəsən bu qərar onalara da şamil olunacaqmı.
İsfəndiyar Axundov isə "Olimpus-az" şirkəti ilə iş ortaqlığının olmadığını deyir
"Şərur MTK"nın rəhbəri İsfəndiyar Axundov "Olimpus-az" şirkətinin rəhbərini tanıdığını və onun ölüm xəbərini bizdən eşitdiyini dedi. Onu da bildirdi ki, rəhbərlik etdiyi şirkətin həmin tikintiyə heç bir aidiyyatı yoxdur.
"Mən elə gəlir onun iczəsi olmayıb. Həbsxanada 2 nəfər proyekt çəkiblər - "Qlobal Azəri"nin isə bəli. bizim rəhbərlə qohumluq əlaqəmiz var, torpaq verib tikinti üçün, satmaq hüququ verməyib", deyə İsfəndiyar Axundov bildirib.
Məlum olduğu kimi "Şərur MTK"nın rəhbəri "Muray" şirkətinin aldadılan payçılarına hökumətlə xüsusi razılıq əsasında mənzillər paylayır. Bəs, aldadılan "Olimpus-az" şirkətinin payçılarına necə İsfəndiyar Axundov köməklik edə bilərmi?
"Mənim o qədər gücüm yoxdur, tükəndi. Var idi, mənzilləri verdim, indi yoxdur.
"Şərur"un adı hallanır. Guya deyirdilər ki mən "Muray"a krişalıq edirdim", deyə İ. Axundov bildirib.
Belə olan halda zərəçəkənlər çarəsiz görünür. Çünki şirkət rəhbəri tutulub və həbsxanada dünyasını dəyişb, şəriki olduğu "Qlobal Azəri" şirkəti isə maşınla ev dəyişən, pul verib mənzil alanların sənədlərini tanımır.
DOSTLARINLA PAYLAŞ: