Dağlıq Qarabağda müharibənin başlanmasını kimlər istəyir
05 Avqust 2014 Çərşənbə Axşamı 11:58
Rusiyalı politoloq Mixail Aleksandrov: Dağlıq Qarabağda müharibənin başlanması Azərbaycanın məhvinə səbəb ola bilər.
“Dağlıq Qarabağda müharibənin başlanması Azərbaycanın məhvinə səbəb ola bilər”. Bu cür xoş olmayan proqnozla hansısa rusiyalı politoloq Mixail Aleksandrov çıxış edib.

Erməni KİV-lərinin postsovet məkanı üzrə ekspert kimi təqdim etdikləri Aleksandrovun sözlərinə görə, hazırda Dağlıq Qarabağda müharibənin bərpası üçün ideal beynəlxalq vəziyyət yaranıb, çünki dünya ictimaiyyətinin diqqəti Ukrayna hadisələrinə yönəlib.

Rusiyalı ekspert guya çox narahat olur ki, Azərbaycan cəmiyyəti belə uzun müharibəyə dözməyəcək və yetərincə həmrəy deyil. Aleksandrovun iddiasına görə, üzücü müharibə Ermənistanla müqayiyəsədə daha çox Azərbaycanın iflasına səbəb ola bilər.

Amma bunun necə baş verəcəyini açıqlamayıb, çünki heç bir əsası olmayan boş-boş şeylər danışıb. Bütün dünya bilir ki, Ermənistan əl açıb dilənir, amma postsovet məkanı üzrə mütəxəssis bundan xəbərsizdir. Qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsi zonasında toqquşmalar başlayan kimi Moskva dərhal narahat oldu. Xarici işlər naziri Lavrov yenidən Soçidə görüşməyi təklif elədi. Və orada Azərbaycan və Ermənistan prezidentləri ilə ayrıca söhbətlər aparılacaq. Rusiya xarici siyasət qurumunun başçısı vurğulayıb ki, "biz tərəfdaşlarımızla etibar barədə danışmaq istəyirik və qarşıdurma riskini minimuma endirməyə çalışırıq".

Və bu zaman cənab Lavrovdan soruşmaq istərdik ki, nə qədər görüşmək və danışmaq olar. Axı münaqişə tərəflərinin dövlət başçılarının görüşləri, demək olar ki, ənənəvi hal alıb. Bu görüşlər beynəlxalq təşkilatların, Minsk qrupunun və Rusiyanın təşəbbüsü ilə də keçirilib. Amma bu, hələ ki, heç nə verməyib. Bununla bağlı Prezident Administrasiyasının rəhbərinin müavini Novruz Məmədovun sözləri yerinə düşər. "Danışıqlara konkret məqsəd, konkret nəticələr üçün imkan olanda getmək lazımdır".

Eyni zamanda ekspert, erməni tərəfə Azərbaycana sürətlə qələbə çalmaq üçün məsləhətlər verir. Aleksandrovun sözlərinə görə, Azərbaycanın neft-qaz arteriyalarına bomba zərbələri vurmaq lazımdır, çünki Qərb bu gün Bakıdan enerji resurslarının nəqlinin artırılmasında həddindən artıq maraqlıdır. Düzdür, strateq dilindən qaçırıb ki, bu gün bu amilin imkanlarını qiymətləndirmək çox çətindir.

Rusiya gözəl ölkədir, burada Azərbaycanı ürəkdən sevən insanlar az deyil.

Bundan başqa, son zamanlar siyasətçilər, iş adamları və iqtisadçılar tez-tez Bakıya baş çəkirlər ki, yeni Avrasiya İttifaqına girməyə razılıq verək. Bu gün yalnız Minsk və Astana deyil, həm də Moskva anlayır ki, yoxsul Ermənistandansa, onlara iqtisadi cəhətdən güclü Azərbaycan lazımdır. Amma həm də Rusiyada elə insanlar var ki, xristian Ermənistanın müsəlman Azərbaycan üzərində qələbəsi üçün dua edirlər.

Britaniya siyasətçilərindən biri İkinci Dünya müharibəsi zamanı demişdi: "Əgər neft kraldırsa, şəksiz, Bakı onun taxtıdır".
Taxtın ayaqlarına isə zibil çox yığılır. Deməli, yeni yuyucu vasitələrinin və əlbəttə ki, texnikanın istifadəsi ilə təmizləmə işləri aparmaq lazımdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar