Dağlıq Qarabağ münaqişəsi Türkiyənin də problemidir
01 İyun 2009 Bazar Ertəsi 19:45
Ərdoğan Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünə nikbinliklə baxdığını deyir

 

"Regionun inkişafına mane olan Dağlıq Qarabağ münaqişəsinə son qoymağın vaxtı çatıb. Mən Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçiriləcək görüşünə nikbinliklə baxıram. Bu məsələdə hər şey Ermənistanın və bu münaqişənin həllini öz üzərinə götürən ATƏT-in Minsk Qrupu həmsədrlərinin mövqeyindən asılıdır". ANS PRESS-in "Novosti Armeniya"-ya istinadən verdiyi xəbərə görə, bu barədə TRT kanalında çıxış edən  Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi Türkiyənin də problemidir: "Biz bu barədə rusiyalı, amerikalı və avropalı tərəfdaşlarımıza bildirimişik və onları qısa müddətdə bu münaqişəni həll etməyə çağırmışıq. Bu problem regionun inkişafını əngəlləyən başlıca maneədir. Biz Azərbaycanla müxtəlif layihələri reallaşdırırıq.  Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzrum, Bakı-Tbilisi-Qars, hazırda üzərində intensiv iş gedən Nabucco layihəsi, bütün bunlar bizim Azərbaycanla münasibətlərimizin göstərcisidir".

Ərdoğan qeyd edib ki, yeganə problem Dağlıq Qarabağ məsələsidir. "Bu məsələnin həlli üçün beynəlxalq ictimaiyyətin prinsipial mövqe nümayiş etdirməsi lazımdır. Biz həmsədrlərin bütün məsələlərdə üzərlərinə düşən məsuliyyəti anlamalarını istəyirik", - deyə Ərdoğan vurğulayıb.

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar