“Dağlıq Qarabağ münaqişəsi həll olunmadan sərhədlər açılmayacaq”
19 Sentyabr 2009 Şənbə 00:40
Levon Ter-Petrosyan: “Serj Sarkisyan Ermənistan-Türkiyə münasibətləri sahəsində buraxılması mümkün olan səhvlərin hamısını buraxıb”
“Türkiyə erməni soyqırımının ABŞ tərəfindən tanınmasının qarşısını ustalıqla aldı”. Bunu Ermənistanın ilk prezidenti, Erməni Milli Konqresinin sədri Levon Ter-Petrosyan İrəvanda keçirilən mitinqdə deyib. O bəyan edib ki, rəsmi Ankara Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış və ya nizamlama prosesində ciddi irəliləyiş əldə edilməmiş sərhədlərin açılmasını təxirə salıb: “Hətta Serj Sarkisyan soyqırımdan imtina etsə də, Türkiyə protokolları Dağlıq Qarabağ münaqişəsi həll olunmadan ratifikasiya etməyəcək. Bu onu sübut edir ki, Dağlıq Qarabağ münaqişəsi həll edilənədək erməni tərəfi Türkiyə ilə bağlı məsələdə heç nəyə nail ola bilməyəcək. Ermənistan passiv rola məhkumdur”.
Levon Ter-Petrosyan deyib ki, Serj Sarkisyanın Türkiyəyə səfəri artıq heç bir əhəmiyyət daşımır: “Çünki Serj Sarkisyan Ermənistan-Türkiyə münasibətləri sahəsində buraxılması mümkün olan səhvlərin hamısını buraxıb. İlk növbədə söhğət erməni soyqırımının şübhə altına düşməsindən gedir. Artıq Türkiyəyə getmək və ya bundan imtina ilə vəziyyəti dəyişmək mümkün deyil”. Ermənistan müxalifətinin lideri bəyan edib ki, Serj Sarkisyan Türkiyəyə səfəri ilə bağlı ultimatumlarla çıxış etsə də, qonşu ölkəyə səfərə gedəcək.
DOSTLARINLA PAYLAŞ: