Dağlıq Qarabağ ətrafındakı 7 rayon Azərbaycana qaytarılacaq
08 Avqust 2009 Şənbə 11:30
“Dağlıq Qarabağ ətrafındakı 7 rayon Azərbaycana qaytarılacaq”. APA-nın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bunu Ermənistanda səfərdə olan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Meytu Brayza “Evroforum” adlı konfransında çıxışı zamanı deyib.
Cənab Brayzanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli Helsinki Son Aktına əsasən həyata keçirilməlidir. Yəni güc tətbiq edilməməli, dövlətin ərazi bütövlüyü və xalqların öz müqəddəratını həll etmək hüququ təmin olunmalıdır. Metyu Brayza məhz bu prinsiplərin 2007-ci ilin noyabr ayında Madriddə tərəflərə təqdim olunmuş sənəddə birləşdirildiyini vurğulayıb.

Erməni mətbuatı iddia edir ki, amerikalı diplomat Azərbaycanın ərazi bütövlüyünün Dağlıq Qarabağın ətrafındakı 5 rayonun dərhal, Laçın və Kəlbəcərin isə 5 il ərzində rəsmi Bakının nəzarətinə qaytarılması yolu ilə təmin olunacağını bildirib.

Dağlıq Qarabağın idarəetmə prinsipləri haqqında danışan Minsk Qrupunun həmsədri deyib ki, Qarabağın əhalisi öz rəhbərini seçəcək, regionun müvəqqəti statusu isə yerli əhalinin seçkilər keçirildiyi müddətə kimi qüvvədə qalacaq və yalnız seçkilərdən sonra tam qətiləşəcək.
Erməni mənbələri həmsədrə istinadən yazırlar ki, regionda xüsusi rejim olacaq, amma bu hərbi qüvvə və ağır arteleriyasız təmin olunacaq. Sülhməramlı qüvvələrin tərkibini Azərbaycan və Ermənistan müəyyən edəcək. Lakin hər bir tərəfin istəmədiyi ölkənin sülhməramlıq missiyasını yerinə yetirməsinə veto qoymaq hüququ olacaq. Həmçinin Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhliz olması nəzərdə tutulub. Azərbaycanla işğal olunmuş ərazilər arasında olan minalı ərazilər isə təmizlənəcək.
Nitqinin sonunda amerikalı həmsədr deyib ki, yuxarıda qeyd olunan maddələrin reallaşdırılması regionda demokratiya, regional inkişaf və stabilliyin bərqərar olmasına xidmət edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar