Dağlıq Qarabağ Azərbaycanın ərazisinin bir hissəsidir
20 Aprel 2011 Çərşənbə 01:38
“Hər hansı bir dövlətin ərazi bütövlüyü pozula bilməz”
“Biz bu mövqedəyik ki, hər hansı bir dövlətin ərazi bütövlüyü pozula bilməz”. Bunu Rumıniya prezidenti Trayan Besesku Azərbaycan Televiziyasına müsahibəsində deyib. Onun sözlərinə görə, Rumıniyanın bu məsələdəki mövqeyi dəyişməzdir: “Buradakı münaqişə öz həllini beynəlxalq hüquq normaları və BMT-nin qətnamələri çərçivəsində tapmalıdır. Azərbaycanın və ya hər hansı digər dövlətin ərazi bütövlüyünün pozulmasına edilən istənilən cəhd beynəlxalq hüququn pozulması kimi qiymətləndirilməlidir. Düşünürük ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisinin bir hissəsidir. Bu, Azərbaycanın daxilində erməni azlığı məsələsidir. Bu məsələ beynəlxalq hüququn normaları əsasında həll olunmalıdır”.
Trayan Besesku bildirib ki, Azərbaycan Avropa İttifaqının enerji siyasətinə töhfə verə bilən aparıcı dövlətdir: “Düşünürəm ki, Avropanın enerji baxımından əsas məqsədi təchizat mənbələrini təkmilləşdirməkdir. Konkret layihəyə gəldikdə isə Rumıniya “Nabukko”nun tərəfdaşıdır və bu layihənin təşviqatçılarından biridir. AGRİ layihəsi ilə bağlı da eyni fikirləri söyləmək olar. Biz lap əvvəldən Azərbaycanı Avropa İttifaqının tərəfdaşı kimi görmüşük. Biz bu fikri nəinki Buxarest daxilində, eyni zamanda, bütün Avropa İttifaqı miqyasında daim dəstəkləmişik. Bu, o amillərdəndir ki, Prezident İlham Əliyevin və komissar Xose Manuel Barrozunun “Nabukko”nun qazla təchizatı ilə bağlı imzaladıqları Sazişə öz töhfəsini verib. Düşünürəm ki, bu, Azərbaycanın layihələrin bir hissəsi olmasının sübutudur”.
Rumıniya prezidentinin sözlərinə görə, “Nabukko”ya fundamental bir layihə kimi baxılmalıdır. Çünki bu, Avropanın layihəsidir: “AGRİ isə regional bir layihədir. Avropa İttifaqının şərqində yerləşən Rumıniya, Bolqarıstan, Macarıstan, Avstriya kimi ölkələrə aiddir. Bu layihə ilə bağlı danışarkən ARDNŞ-in fəaliyyəti ilə bağlı da fikirlərimi əlavə etmək istəyirəm. ARDNŞ olduqca güclü və nəhəng bir şirkətdir. Hazırda Rumıniya bazarına da çıxıb. Düşünürəm ki, ARDNŞ Rumıniyada fəaliyyətini genişləndirməklə bağlı strateji bir qərar verə bilər və məncə bu, bütövlükdə Avropanın enerji bazarına təsir edəcək. Çünki bu, Avropanın enerji bazarında yeni əsas oyunçu olmaq deməkdir. Düşünürəm ki, bu yol sonra Mərkəzi Avropaya aparacaq”.
DOSTLARINLA PAYLAŞ: