Çingiz Mustafayev kimi qəhrəmanlar gəncliyimizə daim nümunə olacaq
27 Avqust 2010 Cümə 22:15
DAK-ın gənclər təşkilatı Milli Qəhrəman Çingiz Mustafayevin 50 illik yubileyi ərəfəsində "Şəhidlik zirvəsi" adlı tədbir keçirib.
Azərbaycanda müharibə və vətənpərvərlik jurnalistikasının əsasını qoymuş telereportyor Çingiz Mustafayevin 50 illik yubileyi ərəfəsində DAK-ın gənclər təşkilatı “Şəhidlik zirvəsi” adlı tədbir keçirib. "Kamerası çiynində cəbhənin ən təhlükəli bölgələrini gəzən, müharibənin od-alovu içindən xəbər verən bu gəncin həyatı bu gün hər bir Azərbaycan gəncinə örnək olmalıdır" deyən DAK gənclər təşkilatının sədri Seymur Həsənli hər bir gəncin Çingiz kimi qəhrəmanları özünə nümunə seçməli olduğunu bildirib.

“Düşünürük ki, Çingiz Mustafayev öz kamerası ilə mübarizlik nümayiş etdirərək zirvə fəth edib. Bu şəhidlik zirvəsidir. Çingiz Mustafayev kimi qəhrəmanlar gəncliyimizə daim nümunə olacaq”,- deyə DAK gənclər təşkilatının sədri Seymur Həsənli bildirib.

Cəbhə bölgəsində öz vətəndaşlıq borcunu yerinə yetirməklə bərabər tarix yazan Çingizin telereportyor kimi fəaliyyətini jurnalist Azər Həsrət gənc yazarlara örnək hesab edir. Onun sözlərinə görə, Tibb İnstitutunun məzunu olmasına baxmayaraq Çingiz Mustafayev o dövrün ən tanınmış jurnalisti idi: ”Vətənlə jurnalistika arasında seçim etməyi bacaran Çingiz Mustafayev vətəndaşlıq nümunəsi olaraq həm də gələcək nəslə Azərbaycan tarixinin ən qanlı səhifəsi olan Xocalı həqiqətlərini yadigar qoydu”.

Xatırladaq ki, musiqi duyumlu insan olan Çingiz Mustafayev həm də Azərbaycanda ilk samballı disko klubun yaradıcısı olub. O zaman Çingizin gənclərimizi əcnəbi musiqidən də nəsə anlamağa dəvət edən jestləri çoxlarında qıcıq yaratsa da, bu gün bir nümunə hesab olunur. Onu özünə örnək sayan Murad Ağalıyev Çingizə olan rəğbətini yazdığı repdə ifadə edib. Murad Ağalıyev Çingizin bir növ nümunə olduğunu bildirib: “Qəhrəmanlıq etdiyi işlərlə mən istədim 50 illiyə uyğun nəsə edim, hisslərimi kağıza yazdım. Kadrlarını izləyəndə, onun səsini eşidəndə, onun döyüşkən ruhunun adamda olmasını istəyir”.

Tədbirdə iştirak edən DAK sədrinin Asiya ölkələri üzrə müavini Yəhya Əliyev Çingizlə döyüş yoldaşı olub. Onun Çingizlə bağlı xatirələri çox olmasa da, Milli Qəhrəmanı kifayət qədər sadə, alicənab, vətənpərvər biri kimi xatırlayır: “Məndən soruşdu ki, Yəhya müəllim qəhrəman nə deməkdir? Mən başladım özümə məxsus izah etməyə. O isə dedi ki, Ağdamdan Şuşaya gedənə qəhrəmanlıq vermək olar, çünki həmin yol od-alov yolu idi. Çingiz o yolu gündə gedib-gəlirdi. Onu girov da götürə bilərdilər. Qaynar nöqtələrdə onun əlində kamerası var idi, mən onu hər mövqedə görürdüm".

Qeyd edək ki, avqustun 29-da Milli Qəhrəman, Azərbaycanın vətənpərvərlik və jurnalistika tarixinə unudulmaz səhifələr yazan Çingiz Mustafayevin 50 yaşı tamam olur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar