Çingiz Əsgərov: “Apardığımız işin ən əhəmiyyətli nəticələrindən biri Ermənistanın Azərbaycan torpaq
12 Yanvar 2012 Cümə Axşamı 13:28
Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun müsahibəsi
2012-ci il yanvarın 9-da Avropa İnsan Haqları Məhkəməsi azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı şikayətinin qəbul edilənliyi, həmçinin həmçinin erməni qaçqının Azərbaycana qarşı şikayətinin qəbul edilənliyi barədə qərarı dərc edib. Bu şikayətlər barədə geniş məlumat verə bilərsiniz?
- 2005-ci ilin aprelində Azərbaycanın Laçın rayonundan olan Elxan Çıraqov və digər beş məcburi köçkün Avropa Məhkəməsində Ermənistan əleyhinə şikayət veriblər. Azərbaycan hökuməti üçüncü tərəf kimi şikayətin baxılması prosesində iştirak hüququndan istifadə edib. Bu, Azərbaycan vətəndaşlarının Ermənistana qarşı verdiyi mindən artıq şikayətdən yalnız biri idi.
Təxminən il yarım sonra Avropa Məhkəməsinə Ermənistan vətəndaşından Azərbaycana qarşı şikayət daxil olub. İddiaçı bildirir ki, 1992-ci ilədək Azərbaycanın Goranboy rayonunun Gülüstan kəndində yaşayıb və hərbi münaqişə nəticəsində İrəvana köçməyə məcbur olub. Ərizənin verilmə müddəti və mətni bu addımın birmənalı şəkildə erməni tərəfinin Azərbaycanın Avropa Məhkəməsində aktiv fəaliyyətinə reaksiyası olduğunu göstərir. Lakin bu iddianın “azacıq gecikməsinə” baxmayaraq, Avropa Məhkəməsində hər iki işə baxılmasına faktiki olaraq eyni vaxtda başlanıb. 2010-cu il sentyabrın 15-də Strasburqda hər iki şikayət üzrə açıq məhkəmə dinləmələri keçirilib.
Laçından olan məcburi köçkünlərin təşəbbüsü ilə məhkəmədə onları Britaniyanın hüquq-müdafiə təşkilatının üzvləri olan vəkillər qrupu təmsil edir.
Öz növbəsində dövlət başçısının göstərişi ilə Azərbaycan hökuməti tərəfindən dəlillərin toplanması istiqamətində böyük iş aparılıb, bu prosesdə insan hüquqları sahəsində tanınmış beynəlxalq ekspertlər də iştirak ediblər. İddiaçıların vəkillərinin zəruri materialları toplamaq üçün imkanları olmadığını nəzərə alaraq, Avropa Məhkəməsinə bütün əsas sənədlər Azərbaycan hökuməti tərəfindən toplanaraq təqdim olunub.
- Avropa Məhkəməsinin qərarlarında hansı məsələlərə toxunulur?
- Avropa Məhkəməsinin 2012-ci il yanvarın 9-da qəbul etdiyi qərarlar aralıq xarakter daşıyır. Qeyd etdiyim kimi, Avropa Məhkəməsi bu mərhələdə yalnız iddiaların qəbul edilənliyi məsələlərinə baxıb. İşin mahiyyəti və İnsan Haqları Konvensiyasının pozulmasını müəyyənləşdirmək üçün əhəmiyyət daşıyan əsaslara növbəti mərhələdə baxılacaq.
Qeyd etmək istəyirəm ki, hər iki qərarda hüquqi qənaətlərdən başqa faktların şərhi, yəni işin fabulası mühüm əhəmiyyət kəsb edir. Qərarlarda bildirilir ki, hərbi fəaliyyət nəticəsində ermənilər təkcə sabiq Dağlıq Qarabağ Muxtar Vilayətinin bütün ərazisini deyil, həm də DQMV-nin ərazisindən iki dəfə çox olan ora bitişik yeddi rayonu işğal ediblər. Səkkiz yüz minə yaxın azərbaycanlı və qeyri-erməni millətindən olan şəxslər daimi yaşayış yerini tərk edərək məcburi köçkünə çevriliblər.
Məhkəmə qeyd edib ki, bu gün işğal olunmuş ərazilərdə bir azərbaycanlı belə yaşamır.
Bir daha təkrar edirəm –hüquqi məsələlərə, yəni Ermənistan Respublikasının azərbaycanlı məcburi köçkünlərin hüquqlarını pozmasına görə məsuliyyət daşıması məsələsinə növbəti mərhələdə qərar veriləcək.
Azərbaycan tərəfi Avropa Məhkəməsinin dili ilə desək, “Dağlıq Qarabağ Respublikası” adlandırılan ərazinin İrəvana tabe “olan yerli administrasiya olduğunu təsdiqləyən birbaşa və dolayı sübutları təqdim edib. Hesab edirəm ki, bu sübutlar Ermənistanın azərbaycanlı məcburi köçkünlərin hüquqlarını pozduğuna görə məsuliyyət daşımasını təsdiqləmək üçün kifayət qədər əhəmiyyətə malikdir.
Sarqsyanın Azərbaycana qarşı iddiasının qəbul edilənliyi ilə bağlı digər qərar da az maraq kəsb etmir.
Şikayətdə Çıraqov və digərlərinin Ermənistana qarşı qaldırdığı məsələlər öz əksini tapıb. Bundan başqa iddia ərizəsində guya Azərbaycan ərazilərində erməni məzarlarının dağıdılması məsələsi də yer alıb. Lakin şikayətin bu hissəsinin əvvəldən perspektivi yox idi və təəccüblü deyil ki, Avropa Məhkəməsi bu iddianı rədd edərək qeyd edib ki, iddiaçı heç bir vəchlə özünün Konvensiyanın pozulmasının “qurbanı” kimi tanınmasını tələb etmək hüququna malik deyil.
Mahiyyət etibarilə, məhkəmə erməni tərəfin iddiasına baxarkən ilk növbədə yurisdiksiya məsələsini həll etməlidir, başqa sözlə desək, Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasının müddəalarını pozmağa görə məsuliyyətinə qərar verməlidir. Azərbaycan hökuməti Avropa Çəhkəməsində bəyan edib ki, Gülüstan kəndi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yerləşir, təmas xəttinin bu hissəsində atəşkəs rejimi Ermənistan tərəfindən mütəmadi olaraq pozulur və buna görə də Azərbaycan Konvensiyanın müddəalarını bu ərazidə tətbiqini həyata keçirmək imkanına malik deyil və deməli, buna görə məsuliyyət daşımır.
Görünür, erməni tərəfi bu arqumentin çəkisini anlayıb və bu səbəbdən son aylar təmas xəttinin qeyd olunan hissəsində atəşkəs rejiminin pozulmasına dair məlumatların olmadığını müşahidə edə bilərik.
İstənilən halda hərbi təcavüzü və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini təsdiqləyən hüquqi dəlillərin toplanması ilə bağlı qarşımızda hələ də böyük iş durur.
Biz məhkəmədə haqlı olduğumuzu sübuta yetirməli və məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnun müdafiəsi işinə öz töhfəmizi verməliyik. Bundan başqa bu işin ən əhəmiyyətli nəticələrindən biri Ermənistanın Azərbaycan torpaqlarının beşdə bir hissəsini işğal etməsi faktının ilk dəfə beynəlxalq məhkəmə tərəfindən tanınması ola bilər.
DOSTLARINLA PAYLAŞ: