Ceyhun Osmanlı: ““İRƏLİ” cəmiyyət üçün kadr bankı rolunu oynayır”
26 Avqust 2010 Cümə Axşamı 14:20
“İRƏLİ” İctimai Birliyi son 5 ildə Azərbaycanda gənclər siyasətinin keyfiyyətcə yeni mərhələsinin əsasını qoyub”.
Bunu APA-ya açıqlamasında “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı deyib. O bildirib ki, təmsil etdiyi təşkilat cəmiyyətdə hər kəsin tanıdığı və etimad etdiyi brendə çevrilib: “Təşkilatımız Azərbaycanın bütün ali məktəblərini, bölgələrini, həmçinin Avropanın 13 ölkəsini əhatə edib. Bu gün “İRƏLİ” cəmiyyət üçün kadr bankı rolunu oynayır. Həm dövlət, həm özəl, həm də media strukturlarında təşkilatın üzvlərinə rast gəlmək olur”.

C. Osmanlının sözlərinə görə, “İRƏLİ” Azərbaycanın dinamik inkişafı yolunda prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xətti ilə uzlaşan keyfiyyətcə yeni kadrların yaradılması işini görür: “Biz Azərbaycan gəncini xaotik və populist şüar dalınca qaçan kütlə deyil, düşüncəli intellektual çoxluq kimi görmək istəyirik. Üzvlərimizi də bu şəkildə istiqamətləndiririk. Bu gün inamla demək olar ki, “İRƏLİ” özünü doğrultmuş təşkilatdır”.

Qarşıda duran vəzifələrə də toxunan C. Osmanlı hər dövrün öz reallıqları olduğunu söyləyib: “Biz arxayın olsaq ki, ən yaxşı təşkilatıq, onda bu qurum özünü doğrulda bilməz. Gələcəkdə tamam fərqli inkişaf modeli tətbiq edəcəyimiz də istisna deyil”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar