Çexiya prezidentinin şərəfinə ziyfət verilib
18 May 2011 Çərşənbə 00:22
İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüquq normalarına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Çexiya Prezidenti Vatslav Klausun və xanımı Liviya Klausovanın şərəfinə rəsmi ziyafət verilib. Dövlət başçıları ziyafətdə nitq söyləyiblər.

Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Çexiyanın dövlət başçısının ölkəmizə ilk səfəri Azərbaycan-Çexiya münasibətlərində əlamətdar hadisədir. O, səfərin müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsində mühüm rol oynayacağına inandığını bildirib. Azərbaycan prezidentinin fikincə, keçirilən görüşlər, aparılan danışıqlar və fikir mübadiləsi, habelə imzalanan sənədlər və biznes forum əlaqələrin yeni mərhələyə qalxmasına təkan verəcək.

İlham Əliyev deyib ki, bu gün öAzərbaycanla Çexiya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli şərait və imkanlar var: “Azərbaycanda gedən böyük tikinti işlərində çex banklarının da kreditor qismində iştirak etməsi müsbət haldır. Eyni zamanda, Çexiya Respublikasının enerji bazarında Azərbaycan nefti mühüm yer tutur. Bu baxımdan əlaqələrimizin daha da intensivləşdirilməsi üçün hər iki ölkənin iqtisadi subyektləri arasında birbaşa əməliyyatların aparılmasına ehtiyac yaranıb. Ölkələrimiz beynəlxalq və regional təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Azərbaycanın xarici siyasətində Avropa İttifaqı və Avratlantik strukturlarla əlaqələr mühüm yer tutur. BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurasında əməkdaşlığımız məmnunluq doğurur”.

“Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün bundan sonra da öz töhfəsini verməyə hazırdır”, - deyən prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan enerji resurslarının bütün istiqamətlərdə dünya bazarlarına çıxarılmasında maraqlıdır və müxtəlif layihələr üzərində işləyir: “Enerji sahəsində əməkdaşlıq Avropa İttifaqı ilə münasibətlərimizin əsas istiqamətlərindən biridir. Azərbaycan ilə Avropa İttifaqı arasında 2006-cı ildə imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında anlaşma memorandumu, eləcə də bu ilin yanvar ayında imzalanmış “Cənub” qaz dəhlizi haqqında Birgə Bəyannamə bunun bariz nümunəsidir. Son illər Azərbaycanda həyata keçirilən konkret layihələr ölkəmizin dinamik inkişafını təmin edir, regionda əməkdaşlıq proseslərinə müsbət təsir göstərir. Görülən işlər nəticəsində Azərbaycan sürətlə inkişaf edir. Hətta dünya maliyyə böhranının çətin illərində belə ölkəmizin iqtisadi inkişafı davam edib. Bunun nəticəsi olaraq, son yeddi ildə ölkədə ümumi daxili məhsul təxminən 3 dəfə, 2009-cu və 2010-cu illərdə iqtisadiyyatımız 14 faiz artmış, valyuta ehtiyatları təxminən 35 milyard ABŞ dollarına çatdırılıb, yoxsulluq səviyyəsində yaşayan insanların sayı 5 dəfə azalıb, ölkəmizə 80 milyard dollardan çox sərmayə qoyulmuş, 900 mindən çox yeni iş yeri açılıb”.

İlham Əliyev onu da qeyd edib ki, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi bu günə kimi həll edilməyib: “Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ətrafdakı yeddi rayon hələ də işğal altında qalmaqdadır. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri var. Bu münaqişə yalnız beynəlxalq hüquq normalarına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Çexiya prezidenti Vatslav Klaus isə deyib ki, ölkələr arasında birbaşa əlaqələrin tarixi çox qısa olsa da, Çexiya-Azərbaycan münasibətlərinin tarixi qədimdir: “Keçmişdən qalan bütün müsbət halları davam etdirmək lazımdır. Ancaq bu münasibətlərə indi yeni impuls və müasirlik gətirmək istəyirik. Azərbaycanı böyük inkişaf potensialına malik olan ölkə kimi qəbul edirik və bu potensialdan istifadə olunmasına Çexiya şirkətləri də öz töhfələrini vermək marağındadırlar. Çox gözəl başa düşürük ki, Sizin ölkəniz bu çətin və iğtişaşlı regionda sabitləşdirici amilə malikdir, həmçinin Avropa ölkələrinin enerji balansında əhəmiyyətli rol oynayır. Bizim ölkəmiz də idxal etdiyi neftin ümumi həcminin 25 faizini Sizin ölkədən alır. Məhz bu sahədə əməkdaşlıqda geniş potensiallar mövcuddur”.

Azərbaycanın qədim mədəniyyətə, tarixi abidələrə və gözəl təbiətə malik olan bir diyar olduğunu qeyd edən Çexiya Prezidenti səfəri müddətində təkcə paytaxtla deyil, Azərbaycanın regionları ilə də tanış olmaq imkanından məmnun qaldığını bildirib: “Çexlər çox səyahət edən xalqdır. Yad ölkələri yaxından tanımağı xoşlayırlar. Ancaq bildiyimə görə, Xəzər dənizinin gözəlliklərini və Sizin füsunkar dağlarınızı hələlik kəşf etməyiblər. İnanıram ki, bu, tezliklə baş verəcək və həmçinin bizim ölkəmizə də sizlərdən qonaqlar gələcəklər”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar