Çexiya prezidenti və xanımı İçəri Şəhəri gəzdilər
19 May 2011 Cümə Axşamı 10:20
Vatslav Klaus və xanımı Liviya Klausova Bakı şəhərinin tarixi mərkəzi ilə tanış olublar
Azərbaycana rəsmi səfəri çərçivəsində Çexiya prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova Bakı şəhərinin tarixi mərkəzi ilə tanış olublar. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, qonaqları qarşılayan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov prezident İlham Əliyevin İçəri Şəhərə göstərdiyi diqqət və qayğısı barədə məlumat verib, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İçəri Şəhərin qorunmasında rolu barədə danışıb.
Bildirilib ki, Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçəri Şəhər dünya mədəni irsinin nadir abidələrindəndir və 2000-ci ildən YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilib. Qonaqların İçəri Şəhərlə tanışlığı XIV əsr abidəsi olan Çin Məscidi ilə başlayıb. Cənab Klaus və xanımının diqqətinə çatdırılıb ki, Çin Məscidində açılışı bu gün olmuş numizmatik sərgidə nümayiş etdirilən sikkələr e.ə IV əsrdən - XIX əsrin birinci yarısına qədər olan böyük bir dövrü əhatə edir.
Gəzinti elektromobillərlə Kiçik Qala küçəsi ilə davam edib. Qonaqlar burada yerləşən təndirdə Azərbaycan milli mətbəxinin nümunəsi olan təndir çörəyinin bişmə texnologiyası ilə tanış olmuş və təzə bişmiş çörəyin dadına baxıblar.
İçəri Şəhərlə tanışlıq Qoşa Qala Qapıları meydanı ilə davam etdirilib, Qala divarları, onun inşasının tarixi barədə informasiya təqdim edilib.
Çexiya Prezidentinə və birinci xanıma “Dünya İrsi Siyahısı”na daxil edilmiş, ölkəmizin ən möhtəşəm abidələrindən olan Qız Qalası barədə məlumat verilmiş və burada yenicə bərpa və muzey konservasiyası işlərinə başlanıldığı bildirilib. Qonaqlar Sıratağlı dini memarlıq kompleksi və burada sərgilənən müxtəlif tarixi dövrlərə aid daşyonma sənətinin nümunələri və yaxınlıqdakı Varfolomey kilsəsinin qalıqları barədə məlumatlandırılıblar.
“Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda olmuş qonaqlar burada Inna Kostinanın "Cənnət yuxuları" adlı sərgisinə tamaşa ediblər.
Sonda ali qonağa xatirə hədiyyələri təqdim olundu. Çexiya Prezidenti Vatslav Klaus İçəri Şəhərin Fəxri Qonaqlar Kitabına ürək sözlərini yazdı.
DOSTLARINLA PAYLAŞ: