Çexiya prezidenti Gəncə şərabının dadına baxdı
20 May 2011 Cümə 00:55
Vatslav Klaus Nizami məqbərəsini və Cavab xanın qəbrini ziyarət edib
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova Şəki şəhəri ilə tanışlıqdan sonra Gəncədə olublar. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edən ali qonağa bu möhtəşəm abidənin tarixi və son illər burada görülən abadlıq və yenidənqurma işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, məqbərə Gəncədə ən çox ziyarət olunan yerlərdən biridir. Azərbaycanın böyük mütəfəkkir şairi Nizami Gəncəvi öz dövrünün məşhur Şeyxi kimi xalq arasında dərin hörmət və ehtirama layiq şəxsiyyət olub. Onun qəbri üzərində türbə ilk dəfə XIII-XIV əsrlərdə tikilmişdir. 1947-ci ildə şairin qəbri üzərində yeni məqbərə ucaldılmış, müstəqilliyin ilk illərində isə qədim arxitekturası saxlanılmaqla müasirləşdirilib. Məqbərənin ətrafında şairin əsərlərinin motivləri əsasında heykəltəraşlıq nümunələri yaradılıb.

Çexiya Prezidenti Vatslav Klausa ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində bu yaxınlarda böyük söz ustadının məqbərəsi ətrafında görüləcək işlər barədə də ətraflı məlumat verilib.

Sonra ali qonaq məqbərəni ziyarət edib, Nizami Gəncəvinin qəbri üstünə gül dəstələri qoyaraq, xatirə şəkli çəkdirib.

Çexiya Prezidenti sonra şəhərin mərkəzi meydanı ilə tanış olub, ümummilli lider Heydər Əliyevin abidəsinə və musiqili fəvvarəyə tamaşa edib.

XVII əsrin yadigarı olan Şah Abbas məscidində din xadimləri ilə görüşdə bildirilib ki, məscid 1606-cı ildə memar Şeyx Bəhaəddin Məhəmməd Alimin layihəsi əsasında inşa edilib. 1776-cı ildə binada əlavə olaraq qoşa minarə tikilmişdir. Sovetlər birliyi dönəmində başqa məqsədlər üçün istifadə olunan bina indi dini ibadət yeri kimi fəaliyyət göstərir.

Sonra Çexiya Prezidenti Cavadxan məqbərəsini ziyarət edib, böyük sərkərdənin məzarı üstünə gül dəstələri qoyub.

Azərbaycanın qəhrəmanlıq rəmzi olan Cavad Xanın məzarının bərpası və onun üzərində möhtəşəm məqbərənin ucaldılması barədə məlumat verilərkən qeyd edilib ki, bu abidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib.

Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova sonra dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində yenidən qurulmuş Xan bağına gəlib, burada istirahət edən şəhər sakinləri ilə görüşüb söhbət edib. Ali qonağa məlumat verilib ki, 1700-cü ildə salınmış bağ Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ötən il əsaslı surətdə yenidən qurulub.

Prezident Vatslav Klaus “Gəncə Şərab-2” Açıq Səhmdar Cəmiyyətində olmuş, istehsal prosesini yaxından izləyib, müxtəlif ölkələrdə keçirilən sərgilərdə yüksək mükafatlara layiq görülmüş şərab nümunələrinin dadına baxmışdır. Məlumat verilib ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılmış 1 milyon manat güzəştli kredit hesabına burada ən müasir avadanlıqlar quraşdırılıb, yüksək keyfiyyətli şərab məhsulları istehsalı təmin edilib. Hazırda müəssisədə 522 işçi çalışır. İstehsal olunan məhsulların maya dəyərinin aşağı salınması məqsədi ilə son üç ildə 367 hektar üzüm bağı salınıb. Həyata keçirilən bütün bu tədbirlər nəticəsində təkcə keçən il 298 min dekalitr şərab, 222 min dekalitr araq, 131 min dekalitr isə spirt istehsal edilib. Müəssisənin bir neçə adda məhsulu müxtəlif sərgilərdə qızıl və gümüş medallara layiq görülüb.

Müəssisədə Çexiya Prezidentinə və nümayəndə heyətinin üzvlərinə xatirə hədiyyələri təqdim olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar