Çerkizov bazarının yerində Çin ticarət mərkəzi tikiləcək?
29 İyul 2009 Çərşənbə 18:15
Rəsmi Pekinin Moskvaya apardığı danışıqların nəticələri məlum olub

Bir müddət öncə rəsmi Pekinin Çerkizov bazarında fəaliyyət göstərən vətəndaşlarının problemlərindən narahat olaraq Moskvaya nümayəndə heyəti göndərməsi və danışıqların nəticələrinin gizli saxlanaraq açıqlanmamasının səbəbi aydınlaşıb. Məlum olub ki, söküləcək Çerkizov bazarının yerində bir sıra obyektlərlə yanaşı Çin ticarət mərkəzi də inşa olunacaq. ANS PRESS-in “İtar-tass”a istinadən verdiyi xəbərə görə, bunu çərşənbə günü paytaxtın Xidmət və İstehlakçı Bazarı Departamentinin rəhbəri Vladimir Malışkov bildirib.

“Çerkizov bazarı ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya gələn Çinin nümayəndə heyəti burada öz hesablarına ticarət və böyük loqistika mərkəzi inşa etməyi təklif edib”, - deyə o bildirib.
Məmurun sözlərinə görə, loqistika mərkəzi gömrük və sanitar-epidemioloji məntəqələrlə təchiz ediləcək, burada miqrasiya xidməti fəaliyyət göstərəcək, həmçinin ikiulduzlu mehmanxana istifadəyə veriləcək.
Qiymətləndirmələrə görə, bütün bu tikinti işlərinə iki il sərf olunacaq, yatırılacaq sərmayələrin həcmi isə təqribən 1 milyard dollar təşkil edəcək.

“Tikinti üçün artıq yer müəyyənləşib, lakin hələ ki, danışıqlar aparılır”, - deyə Malışkov əlavə edib./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar