Gecə boyunca Ermənistan silahlı qüvvələri Milli Ordumuzun mövqelərilə yanaşı Ağdamın təmas xəttində yerləşən evləri də atəşə tutub.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, atışma zamanı kənd sakinlərin evləri də güllələnib.
Belə ki, atılan güllələrdən bir neçəsi Ağdamın Orta Qərvənd kəndinin sakini Məhərrəm Məhərovun evinin hasarına və kanalizasiya borusuna dəyib. Ev sahibi deyir ki, 1 il öncə də evi gülləborana məruz qalıb. O vaxtdan da evin qarşı tərəfin mövqelərinə baxan hissədə 2 pəncərəni mişar daşları ilə hördürüb. Elə gecə də ailəni güllələrdən qoruyan həmin daşlar olub.
“Gecə saat 00:00-dan 03:00-ə kimi atırdılar. Arada dayanmışdılar, sonra 04:-dan düz saat 06:00-a kimi atışmalar başladı. Güllənin yerinə baxa bilərsiz.Hasarda 2-3 dənə də güllə yerləri var”, - deyə Məhərrəm Məhərov bildirib.
Orta Qərvənddə evlərin qarşı tərəfin mövqelərinə baxan hissəsində sakinlər işıqları gecə boyu keçirmək məcburiyyətindədir. Kənd yolunun kənarına torpaq sədd çəkilsə də, hərəkət edən avtomobillər də işıqlardan istifadə etmir. Həmişə olduğu kimi əhali təsərrüfat işlərilə də gecələr məşğul olur.
“Deyilənlərin hamısı yalandır. Camaat hamısı yerindədir. Əgər insanlar qaçırsa, mən gecə vaxtı suyu niyə suvarıram?”, - deyə kənd sakini Yasin Mustafayev vurğulayıb.
Qeyd edək ki, bu gecə də cəbhənin Ağdam və Tərtər istiqamətində saat 5-ə qədər fasilələrlə davam edən atəş səslərini və alovsaçan güllələri müşahidə etmək mümkün idi. Tək tək güllə səsləri səhər saatlarında da eşidilirdi.