Cəbhədə jurnalistlər atəşə tutulub
06 Avqust 2014 Çərşənbə 15:48
Ermənilər atışma zamanı işıqlandırıcı fişənglərdən də istifadə edir.
ANS-in çəkiliş qrupu da dail olmaqla televiziya əməkdaşları cəbhədə atəşə tutulub. ANS TV-nin məlumatına görə, Tərtərin təmas xəttində yerləşən Qapanlı kəndində güllə səsləri ötən gün günorta saatlarından eşidilməyə başlayıb. Milli Ordumuzun mövqelərini atəşə tutan qarşı tərəf eyni zamanda dinc sakinləri də hədəf alıb. Təqribən yarım saat davam edən atışma nəticəsində kənddə bir neçə evə ziyan dəyib.
Bələdiyyə sədri Lətif Həmidov bildirib ki, ümumiyyətlə həm Qaradağlı, həm də Qapanlı istiqamətinə düşmən çox fəallaşıb. Qaradağlıda qurulan toy mağarını atəşə tutan ermənilər ən çox ziyanı Qapanlı kəndinə vurub.
Atəşə məruz qalan evlərdən birinin sahibi Qapanlı sakini Xaliq Tanrıverdiyevin anası Səltənət xalanın sözlərinə görə, ölüm ilə aralarında cəmi bir qarış məsəfə qalıb.
Təhlükəyə baxmayaraq kəndddə heç kim doğma torpağını tərk etmək fikrində deyil.
Ermənistan silahlı qüvvələri təmas xəttində atışma zamanı işıqlandırıcı fişənglərdən də istifadə edir. Atılan güllələr təmas xəttində çəkiliş aparan televiziya əməkdaşlarının yaxınlığından keçir.
DOSTLARINLA PAYLAŞ: