Cəbhə xəttində aparılan monitorinq insidentsiz ötüşüb
03 Avqust 2010 Çərşənbə Axşamı 13:30
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri keçirib.
Bu gün Goranboy rayonunun Borsunlu kəndinin cənub istiqamətindəki təmas xəttində aparılan monitorinq başa çatıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, monitorinq zamanı heç bir insident qeydə alınmayıb.
Məlumata görə, monitorinqdən əvvəl ATƏT nümayəndələri rayon icra hakimiyyətində olublar. Onlara cəbhə xəttindəki vəziyyət barədə məlumat verilib. Bildirilib ki, iyun ayının 24-dən, yəni son dəfə adıçəkilən istiqamətdə monitorinq keçiriləndən sonra ermənilər düz 110 dəfə atəşkəsi pozublar. Nəticədə sakinlərə məxsus 50 baş mal-qara tələf olub. Bir evin dam örtüyü və bir yardımçı tikili yanıb. Sakinlərin təsərrüfat işləri ilə məşğul olmasına ciddi problemlər yaranıb.
Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Uilyam Proyor keçirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: