CAR-da 28 May - Respublika Günü qeyd olunub
31 May 2012 Cümə Axşamı 18:17
Ölkəmizin Cənubi Afrika Respublikasındakı səfirliyi bayramla əlaqədar ziyafət təşkil edilib.
Cənubi Afrika Respublikasının (CAR) inzibati paytaxtı Pretoriyada ilk dəfə Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən 28 may – Respublika Gününə həsr edilmiş ziyafət təşkil edilib. Azərbaycanın CAR-dakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, tədbirə ölkədə fəaliyyət göstərən diplomatik korpusun, dövlət və rəsmi qurumların, təhsil və elmi dairələrinin, Azərbaycan və türk icmasının nümayəndələri, yerli KİV-lər və iş adamları qatılıb.
Ziyafət tədbirində hər iki dövlətin himninin səsləndirilməsindən sonra səfir Elxan Poluxov açılış nitqi ilə çıxış edib. Qonaqlara Azərbaycan və 28 may – Respublika Günü barədə məlumat verən səfir bu ilin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının iyirmi illiyinə təsadüf etdiyini qeyd edib və səfirliyin perspektiv planları barədə danışıb.
Öz növbəsində Cənubi Afrika Respublikası adından çıxış edən Enerji Departamentinin baş direktorunun müavini Tseliso Magubela Azərbaycan Respublikasını 28 may – Respublika günü münasibətilə ürəkdən təbrik edib və CAR-ın Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm verdiyini qeyd edib. Həmçinin qonaq Azərbaycanın CAR-da səfirlik tərəfindən təmsil olunmasının ölkələr arasında ikitərəfli münasibətlərin dərindən inkişaf etməsinə töhfə verəcəyinə inandığını vurğulayıb.
Daha sonra səfir E.Poluxov və Enerji Departamentinin baş direktorunun müavini Tselisa Magubela tərəfindən üzərində Azərbaycan və CAR bayraqları əks olunmuş tort kəsilib və qonaqlar milli və müxtəlif xarici təamlardan ibarət ziyafət masasına dəvət olunub. Tədbirdə həmçinin milli suvenir və xalçalardan Azərbaycan guşəsi təşkil olunub.
DOSTLARINLA PAYLAŞ: