Buenos-Ayresdə Azərbaycanla bağlı tədbir keçirilib
11 Noyabr 2011 Cümə 18:40
Noyabrın 9-da Buenos-Ayresin nüfuzlu “Circulo de Armas” klubunda Azərbaycanla bağlı tədbir keçirilib.
XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə “Azərbaycan: müstəqilliyin bərpasından keçən 20 il” mövzusunda çıxış edib. Tədbirə “Circulo de Armas” klubunun üzvü olan Buenos-Ayresin yüksək cəmiyyətinin nümayəndələri, ictimai-siyasi xadimlər, nüfuzlu alimlər, tanınmış iş adamları qatılıblar.
M. Əhmədzadə çıxışında Azərbaycan tarixinin müxtəlif mərhələləri barədə məlumat verərək əsas diqqəti müstəqil Azərbaycanın keçdiyi yol və ölkə həqiqətlərinə yönəldib. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü, münaqişə ilə bağlı tarixi, siyasi və hüquqi məqamlar, danışıqlar prosesi, münaqişə ilə əlaqədar beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər və nizamlanmaya dair Bakının mövqeyi barədə ətraflı məlumat verib. Azərbaycanın bütün siyasi, iqtisadi, sosial parametrlərə görə Ermənistandan dəfələrlə qabaqcıl mövqedə durduğunu əsaslandıran səfir deyib ki, hər il bu fərqin Azərbaycanın xeyrinə sürətlə dəyişdiyi bir şəraitdə Ermənistan daha çox bu münaqişənin nizamlanmasında maraqlı olmalıdır.
Sonra tədbir qarşılıqlı fikir mübadiləsi formatında davam etdirilib və M. Əhmədzadə iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıb.
DOSTLARINLA PAYLAŞ: